"Əlbəttə, mən Ermənistan rəhbərliyinin bu mövqeyi ilə razı deyiləm. Fikirləşirəm ki, heç onların özləri də öz mövqeləri ilə razı deyillər". Bu sözləri tanınmış rusiyalı politoloq Sergey Markov Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi kimi humanitar təşəbbüsə Ermənistanın sərgilədiyi növbəti pozucu mövqeyə münasibət bildirərkən deyib.

Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişinin efirinə canlı bağlantı ilə qoşulan politoloq qeyd edib ki, əslində Ermənistan BMT Baş Assambleyasının sessiyasının keçirilməsinə qarşı deyil, Azərbaycanın təklifinin əleyhinə çıxır: “Bu humanitar təklifdir, burada heç bir siyasi məsələ yoxdur. İclasın keçirilməsi koronavirus pandemiyasının qarşısının alınmasında atılmalı olan addımların müzakirəsi məqsədi daşıyır. Bu təşəbbüsün mahiyyəti ondan ibarətdir ki, pandemiyaya qarşı birlik nümayiş etdirmək vacib şərtdir. Birgə mübarizənin güclənməsi, bu virusun dünyada azalması Ermənistan üçün də əlverişli olardı. Ermənistanın burada sakit, təmkinli və hərtərəfli düşünmə qabiliyyətinə malik olması lazımıydı. Məsələyə rasional baxmağı bacarmaq və öz mövqeyini bu qədər aşağı səviyyədə nümayiş etdirməmək lazım idi. Amma onlar bunu bacarmadılar, Azərbaycana münasibətdə qəzəb və qorxu nümayiş etdirdilər. Qəzəb Ermənistan rəhbərliyinin gözlərini elə örtüb ki, rasional düşünə bilmirlər. Fikrimcə Ermənistan rəhbərliyi Azərbaycanın təşəbbüsünü dəstəkləmək üçün özlərində güc tapa bilmədilər. Bunu onların həqiqətlərə yanaşmalarında zəiflik və bacarıqsızlıq kimi qiymətləndirmək olar”.

S.Markov qeyd edib ki, Azərbaycan rəhbərliyinin bu təklifini dəstəkləyir: “Prezident İlham Əliyev özünü çox gözəl diplomat və dünya liderlərindən biri kimi göstərir. Belə bir təşəbbüsün çox vacib olduğu açıq-aydın görünür. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi COVID-lə mübarizədə əməkdaşlığı əsas məsələ kimi qoyub. Bu çox vacib məsələdir. Biz bilirik ki, biri-birimizə tibbi ləvazimatlarla, maskalarla, aparatlarla yardım etməliyik. Hətta lazım gələrsə həkimlərlə. Bu səbəbdən də İlham Əliyevin, Azərbaycanın təklifini dəstəkləyirəm".