ABŞ-nin Azərbaycandakı sabiq səfiri Metyu Brayza və Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişinin 1iyul 2020-ci il tarixli günorta buraxılışının qonağı olublar.

Videobağlantı vasitəsilə studiyadakı müzakirəyə qoşulan cənab M.Brayza Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin  pandemiya ilə bağlı dünya dövlətlərinə çağırışını yüksək qiymətləndirib. O, qeyd edib ki, Azərbaycan bu məsələdə liderliyini  göstərdi və bunun  nəticələri yaxın vaxtlarda özünü göstərəcək. “Amma dünya ölkələri bu mübarizədə mütləq bir araya gəlməlidir”-deyən sabiq səfir indiyədək vaksinin hazırlanmamasından da narahat olduğunu bildirib. O, həmçinin, Ermənistanın bu məsələni siyasiləşdirmək cəhdini də səhv addım adlandırıb.Deputat Cavanşir Feyziyev də ölkə başçısının bu təşəbbüsünü yüksək dəyərləndirməklə bərabər,  Ermənistanın belə bir qlobal problemin həllindəki rüsvayçı və gülünc mövqeyini konkret faktlar əsasında şərh edib.