İtaliyanın “European Affairs” onlayn jurnalında Ermənistanda dərin siyasi böhranın, COVID-19 pandemiyası səbəbindən ağır fövqəladə vəziyyətin hökm sürməsinə dair məqalə dərc olunub.

İtaliyalı jurnalist Culiano Bifolkinin “Paşinyanın rəhbərlik etdiyi Ermənistan daxili siyasi böhran, COVID-19 təhdidi və milli iqtisadiyyatın gələcəyinə şübhələr arasında” adlı məqalədə Qafqazda ən acınacaqlı vəziyyətin məhz Ermənistanda olduğu, ölkə iqtisadiyyatının hələ də digər dövlətlərin yardımlarından və diaspor ianələrindən asılı qaldığı bildirilir.

Qeyd olunur ki, hazırkı hökumətin daxilində ziddiyyətlər dərinləşir. Ölkəni idarə etmək üçün mübarizə aparan “oliqarx” qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur. Demokratiya və sabitlik baxımından narahatdoğurucu siyasi vəziyyətlə yanaşı, Ermənistanın səhiyyə və iqtisadi sistemi də həyəcan təbili çalır və Ermənistan 25 mindən çox xəstə sayı ilə regionda pandemiyadan ən çox zərər çəkən ölkədir.