Narek Sardaryan adlı Ermənistan vətəndaşı işğalçı ölkənin mövqelərində yaranan nəzarətsizlikdən istifadə edərək Azərbaycan ərazisinə keçib. 30 yaşlı erməni öz ölkəsində olan zorakılıq, məmur özbaşınalığı və ədalətsizliklərdən bezdiyini, ölkəmizdən sığınacaq istədiyini deyib.
N.Sardaryan ölkəsində heyvandarlıq və əkinçiliklə məşğul olub. O, Naxçıvan Muxtar Respublikasının ərazisinə keçmək istəyərkən hərbçilərimiz tərəfindən saxlanılıb. Sardaryan etiraf edir ki, Ermənistanda məmur özbaşınalığı, zorakılıq, rüşvətxorluq, ədalətsizlik baş alıb gedir. Bu baxımdan, o, əvvələr də dəfələrlə sərhədi keçmək istəyib, amma imkanı olmayıb.
N.Sardaryan Azərbaycan tərəfindən köməklik istədiyini deyib: “Ermənistanda vəziyyət çox pisdir, işsizlik, rüşvətxorluq və ədalətsizlik baş alıb gedir. Əhalinin sosial-iqtisadi vəziyyəti çox ağırdır. Syunik vilayəti ərazisindəki otlaq sahələrində Gorusun yol polisinin rəisi Sevak və hərbi komissar Armen səlahiyyətlərindən istifadə edib bütün əlverişli torpaqları zəbt ediblər və bizlərə orada heyvandarlıqla məşğul olmağa imkan vermirlər, həmin əraziyə digər yerli sakinləri buraxmırlar”.
Syunik rayonunun Aşağı Xndzoresk kənd sakini, 2 uşaq atası Sardaryan Ermənistan ordusundakı vəziyyətdən də danışıb: “Ermənistan ordusunda vəziyyət çox pisdir. Orduda intizamsılıq hökm sürür, heç kim bir-birini qəbul etmir. Hərbçilər arasında narkotikdən istifadə geniş yayılıb. Ölkədə polis narkotikdən itifadə edənlərə qarşı heç bir tədbir görmür”. Sonda N.Sardaryan Ermənistandan bezdiyini və burada ona vətəndaşlıq verilməsini, Ermənistana geri qaytarılmamasını xahiş edib. Əks halda isə, üçüncü dövlətə təhvil verilməsini istəyib.
Tural Qurbanov