“Atamın da, mənim də istəyim hüquq mühafizə orqanlarında çalışmaq idi. 4 gün bundan qabaq atamla telefonda danışdım. Gələcəklə bağlı planlarımız barədə söhbət etdik”.
Bu sözləri Azərbaycan Televiziyasının (AzTV) “Çıxışa doğru” verilişinin qonağı olarkən şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev deyib. O bildirib ki, atasının arzusu onu hərbçi kimi yox, hüquq-mühafizə orqanlarının əməkdaşı kimi görmək olub: “Özüm də bunu istəyirəm. Mən hərbçi ailəsində böyümüşəm. Atamdan nümunə götürərək hüquq-mühafizə orqanlarında çalışmaq arzusunda olmuşam. Mən ilk növbədə atamın arzusunu yerinə yetirəcəyəm”.
Qeyd edək ki, Azərbaycan Ordusunun polkovniki İlqar Mirzəyev iyulun 14-də Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olub. Şəhid polkovnik iyulun 15-də Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub.