Vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Sumqayıtda güzəştli mənzillər tikilir. Burada ümumilikdə 144 mənzil olacaq ki, onlardan 18-i birotaqlı, 18-i studio tipli, 72-si ikiotaqlı, 36-sı isə üçotaqlıdır.
Birotaqlı və studio tipli mənzillərin sahəsi hər biri təqribən 35, ikiotaqlı mənzillərin sahəsi təqribən 56, üçotaqlı mənzillərin sahəsi 74 kvadratmetr təşkil edəcək. Sumqayıt şəhərində 41-ci məhəllədə reallaşdırılan layihə 2 ədəd doqquzmərtəbəli 2 bloklu yaşayış binasından ibarətdir. Hazırda binada son tamamlama işləri həyata keçirilir. İşlərin yaxın zamanlarda yekunlaşdırılması və binaların istismara verilməsi nəzərdə tutulur.
Sumqayıtla yanaşı, proses Gəncədə də davam etdirilir. Şəhərin Azərbaycan Bayrağı küçəsində 18 yaşayış binasından ibarət Yaşayış Kompleksi inşa olunur. Kompleksdə ümumilikdə 986 mənzil olacaq. Yaşayış binaları ilə yanaşı, 125 yerlik uşaq bağçası, 1176 şagird yerlik orta məktəbin istifadəyə verilməsi nəzərdə tutulub. Gəncə Yaşayış Kompleksində işlərin birinci mərhələsinin bu il, ikinci mərhələsinin isə gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.
Paytaxtdakı tikinti işlərinə gəlincə, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat katibi Diana Dadaşova bildirib ki, sentyabr ayının 10-da MİDA-nın Bakı şəhərində reallaşdırılan 2-ci layihəsi olan Hövsan Yaşayış Kompleksində 502 mənzilin satışı həyata keçiriləcək: “Mənzillərin seçimi prosesi səhər saat 11-də başlayacaq. Proses 19 sentyabra qədər davam edəcək. Gözləmə qaydasında mənzillərin seçimi isə 14 sentyabr saat 11-də başlayacaq və 19 sentyabr tarixinə qədər davam edəcək. Qeyd edim ki, güzəştli mənzillər siyahısında elektron kabinetə malik bütün şəxslər həmin seçim günü kabinetlərinə daxil olaraq mənzillərin seçimində iştirak edə biləcəklər”.
Qeyd edək ki, regionlarda yaşayan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə münasib torpaq sahələrinin müəyyənləşdirilməsi istiqamətində də işlər aparılır. Digər şəhər və rayonlarda da müvafiq layihələrin həyata keçirilməsi planlaşdırılır. Bəs bu yeni tikililərdən mənzil alanlar nələrə diqqət yetirməlidirlər?
Ekspert Nüsrət İbrahimov bildirib ki, mənzil seçərkən ilk növbədə onun hüquqi sənədləri ilə tanış olmaq lazımdır: “Ondan sonra yerləşdiyi ərazinin texniki göstəricilərinə, qiymətinə və s. fikir vermək lazımdır. Yeni yaşayış binalarında və torpaq sahələrində daha çox hüquqi problemlər yaşanır. Çünki vətəndaş çox halda yaşayış binalarında və qeyri-yaşayış sahələrində problemlərlə üzləşir. Ona görə, ilk növbədə peşəkarlarla dəqiqləşdirib həm hüquqi tərəfi, həm də texniki tərəfini aydınlaşdırandan sonra bazara daxil olmaq lazımdır”.
Onu da bildirək ki, mənzil seçimi zamanı alıcılar həmçinin onun texniki göstəricilərinə, yerləşdiyi ərazinin mərkəz hissəyə yaxın olmasına da diqqət yetirməlidirlər. Bununla yanaşı, ərazinin təhlükəsizlik göstəriciləri də əhəmiyyət kəsb edir. Ümumiyyətlə, ekspertlər bildirirlər ki, mənzil seçimi zamanı peşəkarlarla əməkdaşlıq mütləqdir.
Nuray Mustafa, Atababa Vəliyev