Azərbaycanla Moldova arasında iqtisadi əlaqələrin stimullaşdırılması üçün enerji sektoru ilə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, turizm və beynəlxalq yük daşımaları perspektivli sahələrdir.

 

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan-Moldova biznes forumunda deyib.

Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi potensial və güclü siyasi əlaqələr mühüm nəticələr əldə etməyə imkan yaradır: "Azərbaycan və Moldova 30 ildən artıq diplomatik əlaqələri olan dost ölkələr və etibarlı tərəfdaşlardır. İnanırıq ki, əlaqələrimizi növbəti səviyyəyə çatdırmağın və aktiv ünsiyyəti davam etdirməyin vaxtı çatıb. Bu gün birgə hökumətlərarası komissiyanın iclasında əməkdaşlığın yeni perspektivləri və sahələri hərtərəfli müzakirə olunub. Ticarət, enerji, kənd təsərrüfatı, turizm, təhsil və digər sahələr gələcək əməkdaşlıq istiqamətləri kimi müəyyən edilib".

Nazir əlavə edib ki, bu forum iki ölkədəki biznes mühiti, investisiya imkanları və biznes əlaqələrinin qurulması haqqında tərəfləri məlumatlandırmaq üçün yaxşı fürsətdir: "Ticarət, investisiya və müasir texnologiyaların transferi iş adamlarının diqqət yetirməli olduğu prioritet məsələlərdəndir. Amma hazırda bu istiqamətdə əməkdaşlığımız qənaətbəxş deyil".