Azərbaycan və Xorvatiya arasında xarici İşlər nazirlərinin müavinləri səviyyəsində may ayında siyasi məsləhətləşmələr keçiriləcək.
Bu barədə açıqlamasında Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç məlumat verib.
O bildirib ki, bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur və bununla bağlı nazirlər səviyyəsində səfər planlaşdırılır:
“Bizim nazir Azərbaycana səfər edəcək və gələn ay nazir müavinləri səviyyəsində siyasi məsləhətləşmələr keçiriləcək. Xorvatiyanın Baş naziri bir neçə ay əvvəl COP29 çərçivəsində ikinci dəfə Azərbaycanda olub. Prezident İlham Əliyev və Baş nazir Andrey Plenkoviç bir-birini tez-tez görürlər, son görüşləri bu il Davosda olub. Yəni əməkdaşlıq çox yüksək səviyyədədir”.
Səfir qeyd edib ki, Azərbaycan və Xorvatiya arasında ticarət dövriyyəsi təqribən 1 milyard avrodur və bu göstərici, əsasən, Azərbaycanın neft ixracı hesabına formalaşıb:
“Xorvatiya Azərbaycan qazını idxal edən 10-cu Avropa ölkəsi olub. İki ölkənin əməkdaşlıq edəcəyi sahələr çoxdur”.