“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Bədii Şuranın növbəti iclası keçirilib.
Toplantıda efir məzmununun keyfiyyətinin yüksəldilməsi və peşəkarlıq standartlarının qorunması ilə bağlı bir sıra məsələlər müzakirə olunub. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov efirdə dil normalarına riayət olunması, aparıcıların danışıq üslubu və etik davranış qaydalarına əməl edilməsi və gənclərə milli vətənpərvərlik ruhunun aşılanmasının vacibliyindən danışıb. Müzakirə zamanı diktor və aparıcıların peşəkarlıq səviyyəsinin artırılması, onların düzgün nitq və təqdimat bacarıqlarının inkişaf etdirilməsi önə çəkilib.
Eyni zamanda, gənclərin televiziyaya marağının artırılması məqsədilə yeni layihələrin hazırlanması, maarifləndirici proqramların sayının artırılması, eləcə də gənc auditoriyanı cəlb edəcək innovativ formatların işlənməsi ilə bağlı təkliflər irəli sürülüb.