Zəngəzur dəhlizi təkcə Naxçıvanla Azərbaycanın qərb bölgələri arasında quru yolu deyil, həm də Türkiyəni Türk dünyası ilə birləşdirən yeni inteqrasiya marşrutudur. Bu marşrutun tezliklə açılması Cənubi Qafqazın həm nəqliyyat, həm də enerji infrastrukturunu gücləndirəcək.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı onu müşayiət edən jurnalistlərlə söhbətində deyib.
Türkiyə dövlətinin başçısı vurğulayıb ki, Ankara Cənubi Qafqazı münaqişə deyil, sülh və sabitlik zonası kimi görmək istəyir. O əlavə edib: “Bölgədə davamlı sülhdən bütün tərəflər faydalanacaq. Azərbaycan ilə Ermənistan arasında sülhün artıq üfüqdə görünməsindən məmnunuq”. Prezident Ərdoğan Türkiyənin bu prosesi yaxından izlədiyini, ona lazımi töhfə verdiyini qeyd edib.
Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh Türkiyə üçün də dəyərli olacaq. “Biz Ermənistanla normallaşma prosesini diqqətlə irəliyə doğru aparırıq. Buna nail olunarsa və münasibətlər normallaşarsa, razılaşmanın Türkiyə üçün faydasını görəcəyik. Buna heç bir şübhə yoxdur”, - deyə Prezident Ərdoğan bildirib.
Siyasətçi qeyd edib ki, Türkiyə qonşu İrandan da regionda əmin-amanlığın, sülhün və inkişafın təmin edilməsi istiqamətində addımları dəstəkləməsini gözləyir. “Mən istərdim ki, onlar qarşılıqlı fayda mühitindən yararlansınlar. Atılan hər bir addım, hər açıq qapı və dəhliz iqtisadi səmərə ilə əlaqələndirilir ki, bu da ölkələrin bir-birinə daha da yaxınlaşmasına imkan verir”, -deyə o vurğulayıb.
Laçına səfərinə toxunan Türkiyə dövlətinin başçısı 2021-2022-ci illərdə artıq Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına səfərlərini, burada Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Füzuli və Zəngilan hava limanlarının açılışında iştirak etdiyini xatırladıb.
“Bu gün işğaldan azad edilmiş Qarabağın hər guşəsində fəal bərpa işlərinin və inkişafın şahidi oluruq. Türkiyənin qürur mənbəyi olan bu prosesə bir çox türk şirkəti öz töhfəsini verir”, - deyən Prezident Ərdoğan Laçın Beynəlxalq Hava Limanı layihəsinin həyata keçirilməsində Türkiyənin 10-dan çox şirkətinin iştirak etdiyini bildirib.
Türkiyə dövlətinin başçısı bildirib ki, Azərbaycan Prezidenti və Pakistanın Baş naziri ilə üçtərəfli Zirvə görüşü zamanı Orta Dəhliz, investisiyalar, ticarət və ərzaq təhlükəsizliyi də daxil olmaqla məsələlərin geniş spektrini müzakirə etmək imkanı əldə edib. “Biz Cənubi Qafqazda yenidən ağrıların yaşanmasının əleyhinəyik. Azərbaycan və Ermənistanın atdığı addımları alqışlayırıq. Bakı ilə İrəvan arasında sülh sazişi layihəsinin təsdiqini sabitliyə gedən yolda mühüm hadisə hesab edirik. Ümidvarıq ki, bu proses tezliklə başa çatacaq”, - deyən Rəcəb Tayyib Ərdoğan, həm də qalib ölkə olan Azərbaycanın regionda sülhün memarı kimi çıxış etdiyini vurğulayıb.