ABŞ ilə İran arasında atəşkəs razılığı əldə olunsa da Hörmüz boğazı bağlı olaraq qalır ki, bu da dünya bazarında neftin qiymətinin yuxarı həddə qalmasına imkan yaradır.
İran Hörmüz boğazından keçən gəmilərə tranzit rüsumu tətbiq etməyə hazırlaşır.
Bu barədə məlumat verən İran parlamentinin milli təhlükəsizlik komitəsinin üzvü Əlaəddin Borucerdi bildirib ki, bununla bağlı qanun layihəsi hazırlanıb parlamentə təqdim olunacaq və qaydalar müəyyənləşəcək. Onun sözlərinə görə, İran tranzit rüsumlarından ildə 64 milyard dollar gəlir əldə edə bilər.
“The New York Times” qəzeti özünün mənbələrinə əsasən yazır ki, İran boğazdan keçən hər gəmi üçün 2 milyon dollar vergi tətbiq etməyə hazırlaşır. Hələ ki, İranın bu planına heç bir dövlət münasibət bildirməyib.
“Bloomberg” in məlumatına görə, danışıqlar başlasa da boğaz hələ də bağlı qalır. ABŞ boğazın tezliklə açılacağını bəyan edir, lakin boğazın açılması ABŞ-dən daha çox İrandan asılıdır.
Hazırda Körfəzdə 800 gəmi açıq dənizdə gözləməkdədir. Onların 426-sı neftlə dolu tanker, 34 təbii, 19 isə sıxılmış qaz (LNG) ilə dolu tankerlərdir. Digərləri isə konteyner və başqa yük daşıyan gəmilərdir.
Hələlik isə dünya ictimaiyyətinin gözü Pakistana tikilib. İslamabadda İran ilə ABŞ arasında aparılan danışıqlarda hansı razılaşmanın əldə ediləcəyini və boğazın nə vaxt fəaliyyətə başlayacağını zaman göstərəcək.