İçərişəhər ərazisində qala divarının bir hissəsində baş vermiş qismən dağılmadan sonra bərpa və monitorinq üçün beynəlxalq mütəxəssislər də dəvət olunub.

 

Bunu açıqlamasında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud deyib.

Qoruq sədri bildirib ki, ərazidə hazırda mühəndis-ekspertiza qiymətləndirilməsi davam etdirilir:

"Mütəxəssislər və dövlət qurumları koordinasiyalı şəkildə araşdırma və sabitləşdirmə işlərini davam etdirirlər. Onu da deyə bilərəm ki, indiki vəziyyətdə qala divarları üçün əlavə təhlükə yoxdur".

R.Mahmud qala divarının daimi monitorinqinin həyata keçirildiyini də vurğulayıb.

Qeyd edək ki, aprelin 9-da Kiçik Qala küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə tarixi qala divarlarının kiçik bir sahəsində aşınma müşahidə edilib. Mütəxəssislərin ilkin rəyinə əsasən, aşınmaya əsas səbəb aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii eroziya prosesləridir.