Azərbaycan İncəsənət Məktəbinin tərəfdaşlığı ilə aprelin 25-də Bakı Gənclər Mərkəzində “Qəlblərin harmoniyası–6” adlı ənənəvi rəqs və gimnastika festivalı keçiriləcək.
Festival Beynəlxalq Rəqs Gününə həsr olunub.
“Qəlblərin harmoniyası” rəqs və gimnastika festivalının əsas məqsədi unudulmaqda olan Azərbaycan milli rəqslərini, eləcə də dünya rəqslərini uşaq və gənclər arasında tanıtmaq, milli-mədəni irsin qorunmasına və təbliğinə töhfə verməkdir. Eyni zamanda festival, mədəni və sosial müxtəlifliyə baxmayaraq, rəqsin insanlar arasında emosional özünüifadə, ünsiyyət və birlik vasitəsi olduğuna diqqət çəkməyi hədəfləyir.
Festival çərçivəsində uşaqlar, yeniyetmələr və gənclər Azərbaycan milli və dünya rəqsləri, həmçinin gimnastik çıxışlarla səhnəyə çıxaraq öz istedadlarını nümayiş etdirəcəklər. Tədbir gənc nəslin yaradıcılıq potensialının inkişafına, estetik zövqünün formalaşmasına və mədəni dəyərlərə bağlılığının güclənməsinə xidmət edir.
“Qəlblərin harmoniyası–6” festivalı çərçivəsində iştirakçıların çıxışlarını Xalq artisti Tamilla Eldarova, Əməkdar artistlər Etibar Zeynalov və Zemfira Həsənova, rəqqas-pedaqoqlar Səbinə Zəkriyyayeva və Nərgiz Əbilova, həmçinin ritm ifaçısı-pedaqoq Cəfər Həsənov qiymətləndirəcəklər.