Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində istismara veriləcək avtobus və taksi parkı, eləcə də daşımaların təşkili üzrə yeni marşrutlar təşkil olunur.

 

AZTV.AZ xəbər verir ki, bu barədə WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov məlumat verib.

Onun sözlərinə görə, WUF13 zamanı İçərişəhər–Şıx–“Sea Breeze” xətti üzrə xüsusi daşımalar təşkil olunacaq.

“Eyni zamanda, Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər istiqamətində daşımalar 24 saat fasiləsiz rejimdə həyata keçiriləcək. Şəhərdaxili nəqliyyat üçün 171 ədəd elektrik avtobus istismara verilib. Onlardan 155-i əsas, 16-sı isə ehtiyat avtobus olmaqla nəqliyyat mübadilə mərkəzlərindən tədbir məkanına fasiləsiz daşımaları təmin edəcək. Bununla yanaşı, 36 ədəd “Neoplan” tipli avtobusun da istifadəyə verilib. Onlardan 26-sı əsas, 10-u ehtiyat avtobus olmaqla hava limanı ilə nəqliyyat mübadilə mərkəzləri arasında müntəzəm daşımaları həyata keçirəcək. Taksi xidmətlərinin təşkili məqsədilə “Baku Taxi” tərəfindən 150 nəqliyyat vasitəsi prosesə cəlb edilib, əlavə olaraq 330 ədəd fərdi taksi də xidmət göstərəcək. Vurğulanıb ki, nəqliyyat parkının əsas hissəsini sıfır emissiyalı elektrik avtobuslar təşkil edir və bu, yaşıl nəqliyyat konsepsiyasının tərkib hissəsidir”, - deyə şöbə müdiri vurğulayıb.

Vüqar Aslanov əlavə edib ki, Bakı Olimpiya Stadionu üzrə nəqliyyatın təşkili tam yekunlaşdırılıb: “Stadion yalnız tədbir məkanı deyil, eyni zamanda, hava limanı, otellər və nəqliyyat mübadilə mərkəzlərini birləşdirən əsas qovşaq kimi fəaliyyət göstərəcək. Əsas vəzifələrə izdihamın idarə olunması, qonaqların təhlükəsiz və fasiləsiz daşınmasının təmin edilməsi, həmçinin məkan daxilində nəqliyyat infrastrukturunun qurulması və qolfkartlar vasitəsilə daxili nəqliyyatın təşkili daxildir”.