23 May - Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günüdür.

 

Həmin əlamətdar gün Prezident İlham Əliyevin 2007-ci il 16 may tarixli Sərəncamı ilə təsis edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə olunması, onların bərpası, həmçinin hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

23 may tarixinin peşə bayramı kimi seçilməsi də xüsusi məna daşıyır. Belə ki, 2001-ci ilin məhz bu günündə Ümummilli Lider Heydər Əliyevin imzaladığı Fərmanla ölkəmizdə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Həmin vaxtdan etibarən nazirlik ölkənin ekoloji siyasətinin formalaşdırılması və həyata keçirilməsində əsas dövlət qurumu kimi fəaliyyət göstərir.

Müasir dövrdə ətraf mühitin qorunması, təbii sərvətlərdən düzgün və səmərəli istifadə edilməsi, ekoloji təhlükəsizliyin təmin olunması bütün dünya üçün prioritet məsələlərdəndir. Azərbaycanda da bu istiqamətdə həyata keçirilən dövlət siyasətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi rolu vardır. Nazirlik biomüxtəlifliyin qorunması, meşələrin bərpası, su ehtiyatlarının idarə olunması, atmosfer havasının mühafizəsi və ekoloji tarazlığın təmin olunması istiqamətində mühüm fəaliyyət həyata keçirir.

Son illərdə nazirliyin fəaliyyəti xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı ekoloji bərpa və monitorinq işləri ilə diqqət çəkir. Uzun illər ərzində ekoloji terrora məruz qalmış həmin ərazilərə vurulan zərərin aradan qaldırılması istiqamətində mühüm addımlar atılır.

Azad edilmiş ərazilərdə ekoloji vəziyyətin qiymətləndirilməsi, meşə fondunun bərpası, yeni yaşıllıq zolaqlarının salınması və təbii sərvətlərin inventarlaşdırılması istiqamətində ardıcıl layihələr həyata keçirilir. Eyni zamanda “yaşıl enerji zonası” konsepsiyasına uyğun olaraq həmin bölgələrdə dayanıqlı və ekoloji baxımdan təhlükəsiz inkişaf modelinin qurulmasına dəstək göstərilir.

Bu gün yalnız ekoloqların peşə bayramı deyil, həm də cəmiyyətdə ekoloji məsuliyyətin artırılması baxımından önəmli bir gündür. Hər il bu münasibətlə ağacəkmə aksiyaları, təmizlik kampaniyaları və müxtəlif maarifləndirici tədbirlər təşkil olunur. Məqsəd vətəndaşlarda təbiətə qarşı daha həssas münasibət formalaşdırmaq, gələcək nəsillər üçün sağlam və yaşıl mühitin qorunmasına töhfə verməkdir.

Təbiəti qorumaq gələcəyi qorumaq deməkdir.