1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində Massi şəhərinin Musiqi və Rəqs Konservatoriyasının müəllim və şagirdlərinin Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konserti olub.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva konsertdən əvvəl çıxış edərək uşaqları əlamətdar gün münasibətilə təbrik edib.
Bildirib ki, insanları bir-birinə yaxınlaşdıran, heç bir sərhəd tanımayan, duyğuları sərbəst çatdırmağı bacaran musiqi qədər insana doğma olan ikinci bir sənət təsəvvür etmək çətindir. Bu sənətin sahibləri dünyanın hər yerində fəaliyyət göstərən həmkarları ilə öz dillərində danışmağa qadirdirlər. Səfir Azərbaycan xalqının zəngin musiqi irsinə malik olduğunu vurğulayıb. Belə konsertlərin vaxtaşırı təşkilinin bəstəkarlar, ifaçılar və dinləyicilər üçün faydalı olduğunu deyib.
Massi şəhərinin Musiqi və Rəqs Konservatoriyasının fortepiano müəllimi Səidə Zülfüqarova Azərbaycan bəstəkarı Qara Qarayevin “Prelüd 6” əsərini ifa edib.
Konservatoriyanın şagird və müəllimləri Fikrət Əmirov, Qara Qarayev, Vasif Adıgözəlov kimi azərbaycanlı bəstəkarların, eləcə də Klod Debussi, Karl Böhm, Moris Ravel kimi digər xalqların bəstəkarlarının əsərlərini pianoda, fleytada, klarnetdə ifa ediblər.
Konsert Klarnet ansamblının üzvləri – Valeri Koster, Maelis Peşin, Emma Ponse, Selin Berto, Sofi Kuasnon, Aqat Fleşar və Sida Bessai- Mişel Qodarın “Lütfün İzi” əsərini tam instrumental versiyasının ifası ilə yekunlaşıb. Qeyd edək ki, bu musiqini Alim Qasımov Mişel Qodar ilə birgə Osnabrukda keçirilən Morgenland festivalında canlı ifa edib.