Azərbaycanın Türkiyədəki səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi qardaş ölkədə milli mədəniyyətimizi təbliğ etmək məqsədilə “Tanınmış azərbaycanlıların izi ilə” adlı layihə həyata keçirir.

 

Həmin layihə çərçivəsində Türkiyənin "Ulusal TV" kanalında "Dostluq karvanı" verilişi yayımlanır və verilişdə Türkiyədə Azərbaycan mədəniyyəti, ortaq dəyərlərimizin tanıdılması sahəsində çalışan önəmli sənət adamları qonaq edilir, onların həyat və yaradıcılıq yolları, milli mədəniyyətimizin təbliği, iki ölkə arasında dostluq münasibətlərinə töhfələri və sənət fəaliyyətləri işıqlanırılır.

"Dostluq karvanı" verilişində aparıcı Arzu Əliyevanın budəfəki qonaqları Türkiyədəki tanınmış azərbaycanlı sənətçilər - Nərminə Qəniyeva və Elvin Qəniyev olublar.

Verilişdə uzun illərdir Türkiyədə Azərbaycan musiqi sənətinin təbliğində rol oynamış tanınmış pianoçu, Ankara Bilkent Universiteti Musiqi və Səhnə Sənətləri Fakültəsində pedaqoq olaraq çalışan, Bilkent Simfonik Orkestrinin solisti Nərminə Qəniyeva və Azərbaycanın əməkdar artisti və istedadlı gənc skripkaçı Elvin Qəniyev keçdikləri həyat və yaradıcılıq yolu, milli mədəniyyətimizin təbliği sahəsindəki fəaliyyətlərindən bəhs ediblər.

Qeyd edək ki, gənc virtuoz skripka ifaçısı, Prezident təqaüdçüsü, Əməkdar artist Elvin Qəniyevin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilib. Elvin Qəniyev professor Sərvər Qəniyevin, habelə professor Zaxar Bronun şagirdidir. O, bu gün Azərbaycan və Türkiyə musiqi məktəblərinin ən uğurlu nümayəndələrindən biri kimi beynəlxalq səhnələrdə ölkəmizi layiqincə təmsil edir.

Söhbət zamanı qonaqlar Azərbaycan və Türkiyə arasında mədəni əlaqələr, musiqi irsinin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən danışaraq, iki qardaş ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsində mədəniyyətin xüsusi rolunu vurğulayıblar.