Çexiyanın paytaxtı Praqanın mərkəzində yerləşən Lusern sarayında 28 May – Müstəqillik Gününə həsr olunan konsert keçirilib.

 

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, tədbir Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Şərqi Avropada Yaşayan Azərbaycanlıların Çexiya üzrə Koordinasiya Şurasının və “Land of Fire” Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Xalq artistləri Faiq Sücəddinov və Əlixan Səmədovun, Əməkdar artistlər Şölə Səfərəliyeva, Kamran Kərimov və Elnur Mikayılovun, eləcə də “Simurq” Muğam Ansamblının, həmçinin tanınmış muğam ifaçısı, xanəndə Mirələm Mirələmovun Azərbaycanın zəngin milli musiqi irsini, muğam sənətinin incəliklərini və mədəni dəyərlərini əks etdirən ifaları ilə tamaşaçılara unudulmaz musiqi anları bəxş olunub. Çexiyada yaşayan soydaşımız, 2020-ci ildə “İlin Adamı” seçilən skripka ifaçısı Canel Nəcəflinin səsləndirdiyi musiqilər zövq oxşayıb.

Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Bu cür tədbirlərin xalqlar arasında dostluğun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.