"AzərEnerji" ASC Xankəndi şəhərində 110/35/10 kV-luq "Xankəndi-2" və Ağdərə rayonunda 110/35/10 kV-luq "Həsənriz" yarımstansiyaları sökülərək ən müasir rəqəmsal texnologiyalar əsasında yenidən inşa edir.

 

Bu barədə "AzerEnerji"dən məlumat verilib.

Bildirilib ki, "Xankəndi-2" yarımstansiyasının tikintisi Xankəndi şəhərinin, ətraf yaşayış məntəqələrinin və bütün mühüm infrastruktur obyektlərinin daha etibarlı, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatına imkan verəcək.

Ağdərə rayonunda tikilən "Həsənriz" yarımstansiyası isə rayonun istehlakçılarının, o cümlədən sənaye müəssisələrinin enerji təchizatının etibarlılığını artırmaqla yanaşı, "Sərsəng" və bölgədə fəaliyyət göstərən digər su elektrik stansiyalarında istehsal olunan enerjinin ölkənin enerji sisteminə təhlükəsiz və fasiləsiz ötürülməsini təmin edəcək.

"AzərEnerji"nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin sözlərinə görə, "Xankəndi-2" və "Həsənriz" yarımstansiyalarında kommutasiya avadanlıqlarının məsafədən idarə olunması və texnoloji göstəricilərin real vaxt rejimində ötürülməsi üçün yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulacaq. Bu sistemlər "AzərEnerji"nin Mərkəzi SCADA idarəetmə platformasına inteqrasiya ediləcək.

Qeyd edək ki, bundan əvvəl "AzərEnerji" tərəfindən "Xankəndi-1" yarımstansiyası tamamilə yenidən qurularaq qapalı tipli yarımstansiya kimi ötən ilin dekabr ayında istismara verilib.

Yeni layihələrin tamamlanması ilə "AzərEnerji"nin azad edilmiş ərazilərdə inşa etdiyi yarımstansiyaların sayı 16-ya çatacaq. Bununla yanaşı, bölgədə artıq 38 su elektrik stansiyası tikilərək istismara verilib, hazırda isə əlavə 8 su elektrik stansiyasının tikintisi davam etdirilir.