Azərbaycanın Almaniyadakı səfirliyinin, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin, “Azərbaycan Hava Yolları” QSC-nin, Azərbaycan Diasporuna Dəstək Fondunun və “Azərlotereya” ASC-nin birgə təşkilatçılığı ilə şəhid övladları üçün “Əmanətə sədaqət” Almaniya yay düşərgəsinin açılış mərasimi keçirilib.

 

Düşərgənin Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən açılış tədbiri şəhidlərin xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev bu ölkədəki diplomatik fəaliyyətin əsas istiqamətləri, Azərbaycan-Almaniya münasibətlərinin hazırkı əməkdaşlıq gündəliyi, iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin inkişaf perspektivləri, həmçinin Almaniyada yaşayan Azərbaycan diasporunun fəaliyyəti barədə ətraflı məlumat verib. Səfir gəncləri maraqlandıran sualları cavablandıraraq, onların Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə təşviqində fəal iştirakının önəmini vurğulayıb.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova layihənin şəhid övladlarının intellektual və fərdi inkişafına, beynəlxalq mühitlə yaxından tanışlığına və ünsiyyət bacarıqlarının formalaşmasına xidmət etdiyini bildirib. O, indiyədək Azərbaycanın müxtəlif bölgələrində və bir sıra xarici ölkələrdə yay düşərgələrinin təşkil olunduğunu diqqətə çatdıraraq, bu təşəbbüsün gənclərin dünyagörüşünün zənginləşməsinə, yeni bilik və təcrübə qazanmasına mühüm töhfə verdiyini vurğulayıb.

Qeyd edək ki, iyulun 2-dən 9-dək davam edəcək layihə şəhid övladlarının bilik və dünyagörüşünün artırılması, onların beynəlxalq mühitlə yaxından tanış olması, fərdi inkişafının dəstəklənməsi və tarixi-mədəni irs haqqında məlumatlarının zənginləşdirilməsi məqsədi daşıyır.

Yay düşərgəsi çərçivəsində iştirakçılar Almaniyanın aparıcı ali təhsil müəssisələrini ziyarət edəcək, bu ölkədə yaşayan fəal azərbaycanlı gənclərlə görüşəcək, “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evi ilə tanış olacaqlar. Şəhid övladlarının, həmçinin Berlin və Drezden şəhərlərinin tarixi-mədəni irsi, memarlıq nümunələri və görməli məkanları ilə tanışlığı da planlaşdırılır.