Dövlət Sərhəd Xidməti (DSX) Xüsusi Məktəbinin 2025-2026-cı tədris ilində yüksək nəticə göstərərək təhsildə və hərbi intizamda fərqlənən kursantlarının işğaldan azad edilmiş ərazilərə ekskursiyası təşkil olunub.
DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında işğaldan azad edilən ərazilərə kursantların ekskursiyası zamanı hərbi hissələrdə qarşılanma mərasimi keçirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının əziz xatirəsinə ucaldılan abidə kompleksləri ziyarət olunub.
Səfər çərçivəsində kursantlar Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra həyata keçirilən genişmiqyaslı yenidənqurma və abadlıq işləri, müasir infrastruktur layihələri, tarixi və dini-mədəni irs nümunələrinin bərpası prosesi ilə yaxından tanış olub, işğal dövründə törədilən dağıntılar və onların nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat əldə ediblər.
DSX-nin arsenalında olan silahlar və döyüş texnikaları ilə tanış olan kursantlara birləşmə və hərbi hissələrin xidməti-döyüş fəaliyyəti barədə məlumat verilib, nümunəvi atışların aparılması, şərti düşmən postunun məhvi üzrə səhnələr nümayiş etdirilib.