Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Bu barədə DOST Agentliyindən məlumat verilib.
Bildirilib ki, Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılan DOST Agentliyinin fəaliyyətinin uğurla genişləndirildiyini vurğulayıb.
Qeyd olunub ki, hazırda Bakı və bölgələrimizdə 7 DOST Mərkəzi, 3 DOST filialı, 1 “Smart DOST” məntəqəsi və 2 DOST məntəqəsi fəaliyyət göstərir. DOST xidmətləri infrastrukturunun genişləndirilməsi üçün layihə, təmir-tikinti işləri davam etdirilir.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının üstünlüklərindən bəhs edilib, bu sistemin dövlət sosial xidmətlərini “bir pəncərə” prinsipi ilə vətəndaş məmnunluğuna uyğun təqdim etdiyi diqqətə çatdırılıb.
DOST modelinin beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyi və ötən dövrdə bir çox beynəlxalq mükafat və sertifikatla təltif edildiyi vurğulanıb. Qeyd olunub ki, bir sıra ölkələr DOST konsepsiyasına maraq göstərir (Moldova, Özbəkistan və Serbiya) və onlarla bu sahədə təcrübə mübadiləsi aparılır.
İclasda DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Agentliyin yarımillik fəaliyyətinə dair hesabatı təqdim edib. Hesabatda vətəndaş müraciətlərinin qəbulu dinamikası, göstərilən xidmətlərin keyfiyyət göstəriciləri, xidmət prosesində tətbiq edilən innovativ rəqəmsal həllər və digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
İclasda Agentliyin fəaliyyət istiqamətləri üzrə görülən işlər, qurumun strateji hədəfləri və prioritet məsələlər müzakirə olunub.