İqlim dayanıqlılığı Azərbaycanın şəhər inkişafı siyasətinin ayrılmaz hissəsidir.
Bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinin ortamüddətli icmalına həsr olunmuş Yüksəksəviyyəli İclasda ölkə hesabatını təqdim edərkən deyib. O bildirib ki, Azərbaycan şəhərsalma qanunvericiliyini təkmilləşdirir, yaşıl tikinti və binaların enerji səmərəliliyini təşviq edir, tikinti icazələrinin rəqəmsallaşdırılması da daxil olmaqla rəqəmsal idarəetməni gücləndirir: “Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun inkişafına dair 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı ictimai nəqliyyatı, piyada hərəkətini, yol təhlükəsizliyini, ictimai məkanları və ekoloji dayanıqlılığı təşviq edir.
COP29 çərçivəsində Azərbaycan şəhərsalma, nəqliyyat, səhiyyə, energetika və ətraf mühit sahələrində inteqrasiyalı fəaliyyətləri təşviq edən Dayanıqlı və Sağlam Şəhərlər üçün Çoxsektorlu Fəaliyyət Platformasını (MAP) irəli sürüb. Həmçinin qlobal iqlim və şəhər gündəlikləri arasında əlaqələri gücləndirmək məqsədilə Bakı Davamlılıq Koalisiyasını yaradıb. WUF13 çərçivəsində Ümumdünya Şəhərsalma Forumlarına ev sahibliyi edəcək şəhərlərin qoşulması ilə bu təşəbbüs daha da genişlənib".
Anar Quliyev əlavə edib ki, UN-Habitat ilə sıx əməkdaşlıq çərçivəsində Azərbaycanın ilk Milli Şəhər Siyasəti hazırlanır.
"Son on ildə əldə edilən təcrübə və həyata keçirilən islahatlara əsaslanaraq Azərbaycan Yeni Şəhər Gündəliyinin icrasını daha da sürətləndirmək əzmindədir. Bu öhdəlik Azərbaycan Respublikası Prezidentinin qərarı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsində öz əksini tapıb. Bu qərar dayanıqlı şəhər inkişafının institusional, normativ və praktiki əsaslarının daha da gücləndirilməsi istiqamətində qətiyyətimizi nümayiş etdirir. Azərbaycan, eyni zamanda, UN-Habitat-ın “Hamı üçün Adekvat Mənzil” üzrə Açıq Tərkibli Hökumətlərarası Ekspert İşçi Qrupuna həmsədrlik etməklə qlobal mənzil gündəliyinin irəliləməsində fəal iştirak edir. Azərbaycan Yeni Şəhər Gündəliyinin həyata keçirilməsini ölkə daxilində sürətləndirməklə yanaşı, üzv dövlətlər və tərəfdaşlarla əməkdaşlığı gücləndirmək, həmçinin WUF13 və “Bakı Fəaliyyətə Çağırış" sənədinin nəticələrini irəli aparmaqla qlobal səviyyədə də bu prosesə töhfə verməyə hazırdır”, - deyə komitə sədri vurğulayıb.