Yay mövsümündə paytaxtdan çimərlik ərazilərinə və şəhərətrafı istirahət məkanlarına sərnişin tələbatının artması nəzərə alınaraq, iyulun 18-dən etibarən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə “Sea Breeze” istirahət mərkəzini əlaqələndirən 150E nömrəli ekspres marşrut üzrə avtobusların hərəkəti yenidən təşkil ediləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, marşrut üzrə avtobuslar həftənin şənbə və bazar günləri metronun “Koroğlu” stansiyasının cənub çıxışından (“Piramida” tərəf) hərəkətə başlayacaq. Sərnişinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə avtobusların marşrut xətti üzrə bir neçə aralıq dayanacaqda dayanması nəzərdə tutulur.
150E nömrəli ekspres marşrut üzrə avtobusların dayanacaqları aşağıdakılardır:
Heydər Əliyev prospekti (yerüstü piyada keçidi, Bakıxanov qəsəbəsi);
Bakı Ekspo Mərkəzi (Yeni Suraxanı qəsəbəsi);
Mərdəkan prospekti (Binə qəsəbəsi);
Mərdəkan prospekti (Qala yolu ilə kəsişmə);
5 nömrəli Bakı Peşə Məktəbi (Buzovna qəsəbəsi);
Bilgəh Kardioloji Sanatoriyası;
Bilgəh–Pirşağı yolu (çimərlik ərazisi);
“Sea Breeze 1”;
“Sea Breeze 2”.
Böyük tutumlu avtobuslar sərnişinlərə saat 07:00-dan 22:00-dək 30 dəqiqəlik hərəkət intervalı ilə xidmət göstərəcək. Marşrut üzrə gedişhaqqı 0,90 manat təşkil edir. Avtobuslarda ödəniş yalnız nağdsız formada həyata keçiriləcək.