İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatının biletlərinin satışına start verilib.

 

Azərbaycan Güləş Federasiyasından bildirilib ki, Milli Gimnastika Arenasında təşkil olunacaq yarışın biletlərini iticket.az saytı vasitəsilə onlayn, eləcə də iTicket satış məntəqələrindən əldə etmək mümkündür. Biletlərin qiyməti 2 və 5 AZN təşkil edir.

Yarışın proqramı hər gün iki sessiyadan ibarət olacaq. Gündüz sessiyasında (10:30–14:30) ilkin qarşılaşmalar keçiriləcək və idmançılar yarımfinala yüksəlmək uğrunda mübarizə aparacaqlar. Axşam sessiyası (17:00–20:00) çərçivəsində isə yarımfinal görüşləri, medal uğrunda qarşılaşmalar və mükafatlandırma mərasimləri təşkil olunacaq.

Azarkeşlər bir biletlə həm gündüz, həm də axşam sessiyalarını izləyə biləcəklər. Bundan əlavə, sessiyalar arasında Milli Gimnastika Arenasında fəaliyyət göstərəcək fan zonada müxtəlif əyləncəli proqramlar, interaktiv oyunlar, tanınmış güləşçilərin imza mərasimləri və digər tədbirlər baş tutacaq.