İyulun 17-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

 

Tədbirdə VK-nın rəhbərliyi ilə yanaşı, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov, VK-nın Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, vəkillər, eləcə də media nümayəndələri iştirak ediblər.

Mərasimdən əvvəl vəkilliyə namizədlər Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül qoyub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsini dərin ehtiramla anıblar.

Tədbir Dövlət Himninin və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra kollegiyanın il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən illik hesabat xarakterli videoçarx nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən VK-nın sədri Anar Bağırov qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edərək, onların cəmiyyətin hüquqi maarifləndirilməsində və vəkillik institutunun fəaliyyətinin ictimaiyyətə çatdırılmasında mühüm rol oynadıqlarını vurğulayıb.

Sədr çıxışında Azərbaycan vəkilliyinin keçdiyi tarixi inkişaf yoluna nəzər salaraq son illərdə bu sahədə həyata keçirilən islahatlardan və vəkillik institutunun gücləndirilməsi istiqamətində görülən işlərdən ətraflı bəhs edib.

Anar Bağırov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1999-cu il dekabrın 28-də imzaladığı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanun müasir Azərbaycan vəkilliyinin möhkəm hüquqi təməlini qoyub və vəkillik institutunun müstəqil peşə təsisatı kimi formalaşmasında tarixi rol oynayıb. Məhz həmin Qanunun qəbulundan sonra vəkillik institutu ilk dəfə olaraq dövlət hakimiyyətinin qollarından asılı olmayan müstəqil qurum kimi fəaliyyət göstərməyə başlayıb, məhkəmə prosesində isə çəkişmə prinsipi əsasında bərabərhüquqlu iştirakçı statusu qazanıb.

Eyni zamanda, sədr Prezidenti İlham Əliyevin 2018-ci il 22 fevral tarixli Sərəncamının, eləcə də 2025-ci il 19 noyabr tarixli Fərmanı ilə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilmiş dəyişikliklərin vəkillik institutunun inkişafında yeni mərhələnin başlanğıcını qoyduğunu vurğulayıb. Həyata keçirilən ardıcıl dövlət siyasəti nəticəsində hüquqi yardım sisteminin təkmilləşdirilməsi, vətəndaşların müdafiə hüququnun daha səmərəli təmin olunması və vəkillik institutunun fəaliyyət imkanlarının genişləndirilməsi sahəsində əhəmiyyətli nəticələr əldə edilib.

Anar Bağırov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın layiqli rəhbərliyi ilə uğurla davam etdirilir və yeni zirvələrə doğru yüksəldilir.

Çıxışının davamında sədr bildirib ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi əhatə dairəsi və şəffaflıq baxımından əhəmiyyətli dərəcədə genişləndirilib. Bu müddət ərzində 17 test imtahanı keçirilib, 7 mindən artıq namizəd həmin imtahanlarda iştirak edib. Onlardan 2 min 174 nəfər icbari təlim proqramını uğurla başa vuraraq and içib və kollegiyanın üzvlüyünə qəbul olunub.

Nəzərə çatdırılıb ki, bugünkü mərasimdə daha 67 namizəd təntənəli şəkildə vəkil andı içərək, VK-nın sıralarına qoşulub. Bununla da, ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayı ilk dəfə olaraq 3003 nəfərə çatıb. Qeyd olunub ki, bu göstərici Azərbaycan vəkilliyinin inkişafında mühüm mərhələ olmaqla yanaşı, ölkədə hüquqi yardımın əlçatanlığının genişləndirilməsi və vəkillik institutunun gücləndirilməsi istiqamətində həyata keçirilən islahatların uğurlu nəticəsidir.

Sədr çıxışına əlavə edib ki, yeni qəbul olunan vəkillərdən 37-si kişi, 30-u qadındır. Onlardan 8-i regionlarda, 59-u isə Bakı şəhərində fəaliyyət göstərəcək. Yeni qəbul nəticəsində qadın vəkillərin sayı 701 nəfərə yüksəlib ki, bu da ümumi vəkil korpusunun təxminən 23 faizini təşkil edir.

Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov çıxış edərək, son dövrlərdə ölkəmizdə vəkillik institutunun inkişafı barədə söz açıb, vəkillik peşəsinin cəmiyyət və hüquq sistemi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik institutunun daha da gücləndirildiyini, bu istiqamətdə ardıcıl tədbirlərin görüldüyünü bildirib.

Kollegiyanın üzvü, VK-nın Ağsaqqallar Şurasının sədri, respublikanın Əməkdar hüquqşünası İkram Kərimov çıxış edərək, vəkilliyə yeni qəbul olunmuş namizədləri təbrik edib, onlara gələcək peşə fəaliyyətlərində uğurlar diləyib. O bildirib ki, vəkillik peşəsi yüksək peşəkarlıq, məsuliyyət və etik davranış prinsiplərinə daim sadiqlik tələb edir.

İkram Kərimov gənc vəkilləri insan hüquq və azadlıqlarının müdafiəsində prinsipial mövqe nümayiş etdirməyə, peşə bilik və bacarıqlarını davamlı inkişaf etdirməyə çağırıb. Həmçinin Ağsaqqallar Şurasının sədri onların vəkillik institutunun nüfuzunun daha da yüksəldilməsinə layiqli töhfə verəcəklərinə əminliyini diqqətə çatdırıb.

Ardınca vəkilliyə qəbul üzrə ixtisas imtahanlarını, icbari təlim proqramını və şifahi müsahibə mərhələsini uğurla başa vuraraq VK-nın üzvlüyünə qəbul edilmiş namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə vəkil andı içərək peşə fəaliyyətlərini qanunun aliliyi, peşə etikası və insan hüquq və azadlıqlarının müdafiəsi prinsiplərinə sadiq şəkildə həyata keçirəcəklərinə dair öhdəlik götürüblər.

Daha sonra onlara vəkil vəsiqələri təqdim olunub.

Tədbirin sonunda peşə fəaliyyətində fərqlənən və yubiley yaşlarını qeyd edən VK-nın bir qrup üzvü təltif olunub.