Pakistanın hüquq və ədliyyə naziri Barrister Aqeel Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Ali Məhkəmədə olub.
Bu barədə Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, nümayəndə heyətini salamlayan Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Azərbaycan ilə Pakistan arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd olunub ki, qarşılıqlı etimada və dostluğa əsaslanan əlaqələr hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır.
Görüşdə qonaqlara ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, məhkəmə fəaliyyətinin müasirləşdirilməsi istiqamətində görülən işlər, tətbiq olunan yeniliklər, hakimlərin seçilməsi, təyin edilməsi və fəaliyyətinin qiymətləndirilməsi mexanizmləri barədə ətraflı məlumat verilib.
Pakistanın hüquq və ədliyyə naziri Barrister Aqeel Malik səmimi qəbula görə təşəkkürünü bildirərək, hüquq sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin hər iki ölkənin məhkəmə sistemlərinin inkişafına və təcrübə mübadiləsinə mühüm töhfə verəcəyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.