“Şimal-Cənub” və “Şərq-Qərb” multimodal beynəlxalq nəqliyyat dəhlizləri Türkmənistan üçün böyük əhəmiyyətə malikdir.

 

AZTV.AZ türkmən mediasına istinadla xəbər verir ki, bu barədə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyulun 29-da Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Basso ilə görüşündə bildirib.

Görüş əsnasında nəqliyyat və logistika sektoruna xüsusi diqqət yetirən Prezident Sərdar Berdiməhəmmədov ölkəsinin əlverişli coğrafi mövqeyinin müxtəlif nəqliyyat növləri arasında qarşılıqlı əlaqənin qurulması üçün etibarlı platforma rolunu oynadığını qeyd edib. O, “Şimal-Cənub” və “Şərq-Qərb” multimodal beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində görülən mühüm işləri vurğulayıb.

Həmçinin qeyd edilib ki, Türkmənistan şaxələndirmə yolu ilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir. Yaşıl və ekoloji cəhətdən təmiz enerjinin inkişafı istiqamətində hərtərəfli səylər göstərilir. Bu baxımdan Prezident Berdiməhəmmədov Avropa Yenidənqurma və İnkişaf Bankının Türkmənistanda həyata keçirilən layihələrdə və yeni təşəbbüslərdə iştirak etməsi üçün geniş imkanların olduğunu qeyd edib.

Bir gün əvvəl isə Aşqabadda AYİB ilə Türkmənistan hökumətinin müvafiq strukturları arasında dayanıqlı enerji, ətraf mühitin mühafizəsi, su ehtiyatlarından səmərəli istifadə üzrə qarşılıqlı fəaliyyət, həmçinin nəqliyyat dəhlizlərinin modernləşdirilməsi və ölkənin tranzit potensialının inkişaf etdirilməsi sahəsində əməkdaşlıq haqqında sənədlər imzalanıb.