Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) xarici universitetlər, beynəlxalq mədəniyyət təşkilatları və yaradıcı sənaye nümayəndələri ilə əməkdaşlıq çərçivəsində yeni layihələrin icrasını davam etdirir. Universitetin tələbə və professor-müəllim heyətinin beynəlxalq konfranslarda, ustad dərslərində, yaradıcılıq laboratoriyalarında, sərgi və festivallarda iştirak imkanları genişləndirilir.
ADMİU-dan bildirilib ki, xarici ali təhsil müəssisələri ilə birgə seminarların, təcrübə mübadiləsi proqramlarının və ortaq yaradıcılıq layihələrinin həyata keçirilməsi istiqamətində işlər aparılır.
Universitetin əsas fəaliyyət istiqamətlərindən biri rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının yaradıcı sənayeyə tətbiqidir. Bu sahədə rəqəmsal sərgilər, multimedia layihələri, audiovizual məhsullar və rəqəmsal mədəni irs platformalarının hazırlanması üzrə beynəlxalq əməkdaşlıq imkanları inkişaf etdirilir. Universitetin Azərbaycan Respublikasının Kino Agentliyi ilə əməkdaşlığı çərçivəsində tələbələrin peşəkar kino mühitinə inteqrasiyası dəstəklənir. Animasiya rejissorluğu ixtisası üzrə tələbə tərəfindən hazırlanmış süni intellekt texnologiyalarından istifadə edilən “Oyun” adlı qısametrajlı film bu istiqamətdə uğurlu nümunələrdən biri kimi qiymətləndirilir.