Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qırğızıstana səfəri çərçivəsində qırğız həmkarı Sadır Japarov ilə ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib.

 

AZTV.AZ UZA agentliyinə istinadla xəbər verir ki, Çolpon-Ata şəhərindəki “Ruh Ordo” Mədəniyyət Mərkəzində dövlət başçılarının məhdud tərkibdə və nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə geniş tərkibdə görüşləri olub.

İki lider Özbəkistan-Qırğızıstan münasibətlərinin daha da inkişaf etdirilməsi perspektivlərini, hərtərəfli strateji tərəfdaşlığı və prioritet sahələrdə praktik əməkdaşlığın genişləndirilməsini ətraflı müzakirə ediblər.

Dövlət başçıları Özbəkistan-Qırğızıstan münasibətlərinin tarixin ən yüksək zirvəsində olduğunu vurğulayıblar. Son illər ticarət dövriyyəsinin həcmi təxminən 10 dəfə artaraq ötən ilin sonunda 1,2 milyard dollara çatıb, 450 birgə müəssisə yaradılıb, əməkdaşlıq layihələrini dəstəkləyən İnkişaf Fondu uğurla fəaliyyət göstərir.

Qeyd olunub ki, səfər ərəfəsində Hökumətlərarası Komissiyanın, Biznes Şurasının iclasları, biznes forumu, rektorların və analitiklərin görüşləri keçirilib, Özbəkistan Mədəniyyət Günlərinin və bir sıra digər tədbirlərin səmərəli şəkildə keçirilməsi təmin edilib.

Danışıqlar zamanı tərəflər parlament, hökumət, nazirlik, agentlik və regional səviyyələrdə, eləcə də biznes və ekspert dairələrində intensiv əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər. Dövlətlərarası Şuranın yaradılması barədə qərar qəbul edilib.

Bundan başqa, BMT, ŞƏT, Türk Dövlətləri Təşkilatı, Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət Görüşü və digər çoxtərəfli platformalar da daxil olmaqla beynəlxalq və regional strukturlar çərçivəsində sıx əməkdaşlığın davam etdirilməsinin zəruriliyi qeyd edilib.