Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri zamanı keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası çərçivəsində dövlət başçıları tərəfindən Dövlətlərarası Şuranın 3-cü iclasının Qərarı imzalanıb. Qərarda dövlətlərarası münasibətlərdə əldə olunmuş müttəfiqlik səviyyəsi xüsusi qeyd edilir, iqtisadi-ticari, nəqliyyat, energetika, kənd təsərrüfatı və mədəni-humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin zəruriliyi vurğulanır. Həmçinin qırğız tərəfdaşların və sərmayəçilərin Azərbaycanın azad edilmiş ərazilərində infrastruktur layihələrinin həyata keçirilməsində, xüsusilə Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbin tikintisində iştirakı yüksək qiymətləndirilir. Bundan başqa, hər iki ölkənin sahibkarları arasında tərəfdaşlıq münasibətlərinin qurulmasının, ixrac imkanları barədə məlumat mübadiləsinin və qarşılıqlı faydalı investisiya təşəbbüslərinin həyata keçirilməsinin fəal şəkildə təşviq edilməsi yolu ilə iqtisadi-ticari və sərmayə əməkdaşlığının gələcək inkişafı üzrə zəruri tədbirlərin görülməsi, Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 200 milyon ABŞ dolları məbləğinədək artırılması, o cümlədən energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün təkliflərin verilməsi, eyni zamanda, Qırğız Respublikasına qarşılıqlı faydalı şərtlərlə neft və neft məhsullarının müntəzəm tədarükünün təşkilinə dair tapşırıqlar verilib.

 

Azərbaycan-Qırğızıstan əlaqələri strateji mərhələyə yüksəlir

Son illərdə Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər dinamik inkişaf yolu keçərək keyfiyyətcə yeni mərhələyə yüksəlib. Dövlət başçıları arasında formalaşmış qarşılıqlı etimada əsaslanan fəal siyasi dialoq, hökumətlərarası əməkdaşlıq mexanizmlərinin səmərəli fəaliyyəti, beynəlxalq və regional təşkilatlar çərçivəsində nümayiş etdirilən qarşılıqlı dəstək ikitərəfli əlaqələrin strateji məzmununu daha da gücləndirib.

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri iki dost və qardaş ölkə arasında münasibətlərin inkişafında növbəti mühüm mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən Azərbaycan Respublikası və Qırğız Respublikası Dövlətlərarası Şuranın 3-cü iclası siyasi dialoqun daha da möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi əməkdaşlığın genişləndirilməsi, humanitar əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi və Türk dünyasında inteqrasiyanın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

İclasın yekununda imzalanan Dövlətlərarası Şuranın 3-cü iclasının Qərarında iki ölkə arasında münasibətlərin artıq müttəfiqlik səviyyəsinə yüksəlməsinin xüsusi vurğulanması Azərbaycan-Qırğızıstan əlaqələrinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu nümayiş etdirir. Bu, tərəflərin yalnız siyasi məsələlərdə deyil, iqtisadiyyat, enerji, nəqliyyat, investisiya, humanitar əməkdaşlıq və təhlükəsizlik kimi istiqamətlərdə də uzunmüddətli və sistemli tərəfdaşlıq qurmaq niyyətini əks etdirir.

İki ölkənin iqtisadi potensialı daha səmərəli şəkildə reallaşdırılacaq

Azərbaycan və Qırğızıstan iqtisadiyyatlarının bir-birini tamamlayan xüsusiyyətləri qarşılıqlı ticarətin və investisiyaların artırılması üçün əlverişli imkanlar yaradır. Bu baxımdan hər iki ölkənin sahibkarları arasında birbaşa əməkdaşlığın təşviq edilməsi, biznes dairələri arasında davamlı tərəfdaşlıq münasibətlərinin qurulması, ixrac imkanları barədə məlumat mübadiləsinin genişləndirilməsi və yeni investisiya təşəbbüslərinin dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Bu addımlar biznes dairələri arasında əməkdaşlığın intensivləşdirilməsinə, yeni istehsal və logistika layihələrinin formalaşmasına əlavə imkanlar yaradacaq.

Cari il iyulun 1-nə Azərbaycanda kənd təsərrüfatı, sənaye, tikinti, ticarət, nəqliyyat, xidmət sektorlarında Qırğızıstan investisiyalı 97 kommersiya qurumu qeydiyyatdadır, onlardan 39-nun fəaliyyəti aktivdir. İndiyədək Azərbaycandan Qırğızıstana birbaşa investisiya axınlarının həcmi 68,8 milyon dollar təşkil edir. Qırğızıstandan isə Azərbaycana birbaşa investisiya 25,2 milyon dollardır və bu, əsasən qeyri-neft-qaz sektorunun payına düşür. 1997-ci il avqustun 28-də iki ölkə arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş imzalanıb və qüvvədədir.

Bu ilin yanvar-iyun aylarında Azərbaycan və Qırğızıstan arasında ticarət dövriyyəsi təxminən 29 milyon ABŞ dolları olub. Yarım ildə Azərbaycandan Qırğızıstana 25,5 milyon dollarlıq məhsul ixrac olunub, Qırğızıstandan ölkəmizə isə 3,4 milyon dollarlıq məhsul idxal edilib. Keçən il isə iki ölkə arasında ticarət dövriyyəsi 77,1 milyon dollardan çox olub.

Azərbaycan son illərdə regionun ən cəlbedici investisiya məkanlarından birinə çevrilib. Qırğızıstan isə Mərkəzi Asiya bazarına çıxış imkanları və geniş kənd təsərrüfatı potensialı ilə Azərbaycan biznesi üçün maraqlı istiqamət hesab olunur. Qarşılıqlı investisiyaların artması həm iqtisadi əlaqələrin şaxələndirilməsinə, həm də özəl sektorun fəallığının yüksəlməsinə töhfə verəcək.

Sənəddə, həmçinin ticarət-iqtisadi, nəqliyyat, energetika, kənd təsərrüfatı, mədəni və humanitar sahələr üzrə əməkdaşlığın genişləndirilməsi əsas prioritetlər kimi müəyyən edilir. Bu yanaşma hər iki ölkənin iqtisadi potensialının daha səmərəli reallaşdırılması, qarşılıqlı investisiyaların artırılması və regional əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm perspektivlər açır.

Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalı 200 milyon dollaradək artırılır

Ölkəmiz bütün türk dövlətləri ilə olduğu kimi, Qırğızıstanla da əlaqələrin inkişafına önəm verir, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üçün tədbirlər görülür. Qırğız Respublikası ilə əməkdaşlıq bir sıra istiqamətlər, xüsusilə iqtisadi-ticarət, investisiya, nəqliyyat və energetika üzrə genişlənir. İqtisadi sahədə əməkdaşlığın gücləndirilməsi üçün dövlətlərimizin başçıları tərəfindən qarşıya qoyulan vəzifələrin icrası uğurla davam etdirilir.

Bu baxımdan ölkələrimiz arasında iqtisadi əməkdaşlığı dəstəkləmək məqsədilə yaradılmış Azərbaycan-Qırğız İnkişaf Fondu çərçivəsində tərəfdaşlığın inkişafına önəm verilir. Azərbaycan-Qırğız İnkişaf Fondu bu istiqamətdə səmərəli platforma rolunu oynayır. 2022-ci il oktyabrın 11-də Bişkekdə “Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş” imzalanıb. Fondun mənzil-qərargahı Bişkek şəhərində yerləşir.

Qərarda mühüm istiqamətlərdən biri də Azərbaycan-Qırğız İnkişaf Fondunun fəaliyyətinin genişləndirilməsidir. Fondun nizamnamə kapitalının 200 milyon ABŞ dollarınadək artırılması planı iki ölkənin iqtisadi əməkdaşlığının maliyyə təminatının gücləndirilməsinə xidmət edir. Kapitalın artırılması sənaye, kənd təsərrüfatı, logistika, emal və digər perspektivli sahələrdə birgə layihələrin maliyyələşdirilməsi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər.

Azərbaycan-Qırğız İnkişaf Fondu ikitərəfli iqtisadi əlaqələrin inkişafına təkan verir. İqtisadi əməkdaşlığa, iqtisadiyyatın modernləşdirilməsi və potensialın reallaşdırılmasına yardım məqsədilə yaradılan Fond Azərbaycan və Qırğızıstanın biznes qurumlarının birgə fəaliyyətinə dəstək göstərməklə ölkələrimiz arasında əlaqələrin inkişafına və genişləndirilməsinə xidmət edir. Fond müxtəlif maliyyə alətlərindən istifadə etməklə Qırğızıstanda qeydiyyatdan keçmiş və fəaliyyət göstərən sahibkarlıq subyektlərinin prioritet layihələrinə investisiyalar yatırır. Bu platforma çərçivəsində Azərbaycan və Qırğızıstan sahibkarlıq subyektlərinin aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər sahələr üzrə prioritet layihələri maliyyələşdirilir.

Fondun nizamnamə kapitalına qoyulan vəsait Azərbaycan tərəfindən, beynəlxalq maliyyə institutları, xarici hökumətlərin maliyyə təşkilatları tərəfindən, habelə Qırğız Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələrdən formalaşır. Azərbaycan-Qırğız İnkişaf Fondunun birgə investisiya layihələrinin maliyyələşdirilməsindəki gələcək rolu, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, investisiya, turizm, alternativ enerji sektorlarında əməkdaşlıq imkanlarına dair mütəmadi fikir mübadiləsi aparılır, Fond çərçivəsində potensial layihələr müzakirə edilir. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan ilə Qırğızıstan arasında investisiya tərəfdaşlığının gücləndirilməsi üçün Fondun geniş perspektivləri mövcuddur.

Bundan başqa, ötən ilin dekabrında İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Qırğızıstanın Ticarət və Sənaye Palatası arasında Qırğızıstan-Azərbaycan İşgüzar Şurasının yaradılmasına dair memorandum imzalanıb. Eyni zamanda, Qırğızıstanın İnvestisiyaların Təşviqi və Qorunması üzrə Agentliyi ilə də əlaqələrin qurulur, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə xarici investorların cəlb edilməsi istiqamətində işlər görülür.

Ağdamda Ayköl Manas adına məktəbin inşası dostluq və həmrəyliyin praktik ifadəsidir

Qərarda diqqətçəkən əsas məqamlardan biri qırğız tərəfinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma prosesində iştirakına verilən yüksək qiymətdir. Xüsusilə Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbin tikintisi iki ölkə arasında dostluq və həmrəyliyin praktik ifadəsi kimi dəyərləndirilir. Bu layihə təkcə sosial infrastrukturun inkişafına deyil, həm də qardaş ölkələrin xalqları arasında humanitar bağların daha da möhkəmlənməsinə xidmət edir.

Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbin tikintisinin xüsusi qeyd olunması təkcə həyata keçirilən sosial layihəyə verilən qiymət deyil. Bu, eyni zamanda, Türk dünyasında qarşılıqlı həmrəyliyin və qardaşlığın real ifadəsi kimi dəyərləndirilir. Müasir standartlara uyğun inşa olunan məktəb bölgənin təhsil infrastrukturunun inkişafına mühüm töhfə verməklə yanaşı, iki xalq arasında dostluğun gələcək nəsillərə ötürülməsinin də rəmzinə çevrilir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma layihələrinə dost ölkələrin qoşulması həmin ərazilərin beynəlxalq əməkdaşlıq platformasına çevrildiyini də göstərir.

Energetika əməkdaşlığında yeni imkanlar

Energetika sahəsi də gündəliyin əsas istiqamətlərindən biridir. Qərarda bu sahədə əməkdaşlığın inkişafı üzrə yeni təkliflərin hazırlanması, eləcə də Qırğız Respublikasına qarşılıqlı faydalı şərtlərlə neft və neft məhsullarının müntəzəm tədarükünün təşkili ilə bağlı tapşırıqların verilməsi nəzərdə tutulur. Bu təşəbbüslər Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirməklə yanaşı, Qırğızıstanın enerji təminatının şaxələndirilməsinə də töhfə verə bilər.

Azərbaycanın enerji sahəsində zəngin təcrübəsi və etibarlı təchizatçı kimi beynəlxalq nüfuzu Qırğızıstan üçün də əlavə imkanlar yaradır. Müntəzəm enerji təchizatı iki ölkənin iqtisadi əməkdaşlığını möhkəmləndirməklə yanaşı, regional enerji təhlükəsizliyinə də müsbət təsir göstərə bilər.

Energetika sahəsində əməkdaşlığın yalnız neft məhsulları ilə məhdudlaşmayacağı, alternativ enerji, enerji səmərəliliyi və müasir texnologiyalar üzrə də yeni layihələrin gündəmə gələcəyi istisna edilmir.

Orta Dəhliz üzrə əməkdaşlıq genişləndirilir

Azərbaycan və Qırğızıstanı yaxınlaşdıran əsas amillərdən biri də Avrasiyanın yeni nəqliyyat xəritəsində hər iki ölkənin artan roludur. Azərbaycanın Xəzər dənizi üzərindən formalaşdırdığı müasir logistika infrastrukturu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolu və avtomobil nəqliyyatı şəbəkəsi Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxışı üçün mühüm imkanlar yaradır.

Qırğızıstan üçün də bu marşrutlar yeni ixrac bazarlarına çıxış baxımından əhəmiyyətlidir. Buna görə də Dövlətlərarası Şuranın qərarında nəqliyyat-logistika əməkdaşlığının genişləndirilməsi xüsusi önəm daşıyır.

Nəqliyyat və logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi, həmçinin strateji əhəmiyyət daşıyır. Orta Dəhliz boyunca formalaşan yeni iqtisadi imkanlar Azərbaycan ilə Qırğızıstan arasında yükdaşımaların artırılması, tranzit potensialının genişləndirilməsi və Avrasiya məkanında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi üçün əlverişli zəmin yaradır.

Humanitar əməkdaşlıq münasibətlərin dayaq sütunlarından biridir

Azərbaycan və Qırğızıstanı ortaq tarix, dil və mədəni dəyərlər birləşdirir. Bu baxımdan humanitar əməkdaşlıq münasibətlərin ayrılmaz hissəsidir. Təhsil, elm, mədəniyyət, gənclər siyasəti və idman sahələrində həyata keçirilən layihələr xalqlar arasında qarşılıqlı etimadı daha da möhkəmləndirir. Xıdırlıda tikilən Ayköl Manas adına məktəb də məhz bu humanitar əməkdaşlığın ən uğurlu nümunələrindən biri hesab olunur.

Mədəni-humanitar əməkdaşlıq da münasibətlərin ayrılmaz hissəsi olaraq inkişaf etdirilir. Təhsil, elm, mədəniyyət və gənclər siyasəti sahələrində birgə layihələrin həyata keçirilməsi xalqlar arasında qarşılıqlı etimadın və yaxınlığın möhkəmlənməsinə xidmət edir.

Türk dünyasının inteqrasiyasına töhfə

Azərbaycan və Qırğızıstan Türk Dövlətləri Təşkilatı çərçivəsində də sıx əməkdaşlıq edir. Son illərdə təşkilatın institusional inkişafı, iqtisadi inteqrasiyanın genişləndirilməsi, nəqliyyat bağlantılarının möhkəmləndirilməsi və ortaq layihələrin həyata keçirilməsi istiqamətində irəli sürülən təşəbbüslər Bakı ilə Bişkekin mövqelərinin üst-üstə düşdüyünü göstərir. Bu baxımdan Dövlətlərarası Şuranın növbəti iclası yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, bütövlükdə Türk dünyasında inteqrasiyanın dərinləşdirilməsinə də töhfə verəcək.

Yeni strateji gündəm

Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfərinin nəticələri göstərir ki, Azərbaycan–Qırğızıstan münasibətləri artıq ənənəvi dostluq və siyasi dialoq çərçivəsini əhəmiyyətli dərəcədə genişləndirərək strateji iqtisadi tərəfdaşlıq mərhələsinə qədəm qoyur. Dövlətlərarası Şuranın 3-cü iclasında qəbul ediləcək qərarlar ticarət, investisiya, energetika, nəqliyyat, humanitar əməkdaşlıq və bərpa-quruculuq sahələrində yeni layihələrin həyata keçirilməsi üçün institusional zəmin yaradacaq.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər yalnız iki dost və qardaş dövlətin əməkdaşlığı deyil, həm də Türk dünyasının iqtisadi inteqrasiyasını gücləndirən, regional sabitliyə və dayanıqlı inkişafa xidmət edən mühüm strateji tərəfdaşlıq modelinə çevrilməkdədir.

Beləliklə, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri və Dövlətlərarası Şuranın 3-cü iclası yalnız mövcud əməkdaşlıq mexanizmlərinin nəzərdən keçirilməsi ilə məhdudlaşmır. Qəbul edilən qərarlar Azərbaycan-Qırğızıstan münasibətlərinin siyasi müttəfiqlik, iqtisadi inteqrasiya, investisiya tərəfdaşlığı və humanitar əməkdaşlıq istiqamətlərində daha da dərinləşdirilməsi üçün yeni strateji çərçivə formalaşdırır. Bu isə iki qardaş ölkənin qarşılıqlı maraqlarına xidmət etməklə yanaşı, Türk dünyasında əməkdaşlığın möhkəmləndirilməsi və regionda dayanıqlı inkişafın təşviqi baxımından da mühüm əhəmiyyət daşıyır.