Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri dosent Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” kitabı nəşr edilib.
İnstitutdan bildirilib ki, kitabda ilk dəfə olaraq qədim dövrdən bizim eranın VII əsrinə qədər (İslamaqədərki) Türk xalqları fəlsəfi fikir tarixindən bəhs olunur. Əsərdə Türk xalqlarının əsas fəlsəfi təlimləri – tanrıçılıq, türkçülük, qorqudçuluq, qamlıq, mağlar təlimi, manilik və digər dünyagörüşü sistemləri, eləcə də Oğuz Ata, Türk Ata, Qorqud Ata, Qam Ata, Mani Ata və digər müdrik şəxsiyyətlərin fəlsəfi irsi tədqiqata cəlb olunub.
Kitabın yazılmasında əsas məqsəd türk xalqları fəlsəfi fikrinin İslamaqədərki mərhələlərini ardıcıllıqla, elmi obyektivlik prinsiplərinə əsaslanaraq və milli intellektual yaddaşa söykənən metodlarla yenidən canlandırmaqdır. Çağdaş akademik mühitimizin əsas çatışmazlıqlarından biri ondadır ki, türk xalqlarının fəlsəfi irsi yalnız İslam dininin meydana çıxmasından sonrakı dövrlə əlaqələndirlir, üstəlik çox zaman ya ümumi regional çərçivələrə salınır, ya da xarici fəlsəfi təlimlərin kölgəsində dəyərləndirilir. Halbuki türk xalqlarının fəlsəfi düşüncəsi özünəməxsus xətti olan müstəqil bir bütövdür və bu bütövlük tanrıçılıq, Qorqud Ata hikməti, Xızır Ata hikməti, mağlar təlimi, qamlıq, türklük, manilik və başqaları ilə birlikdə öyrənildikdə aydın görünür. Sadəcə, türk fəlsəfi düşüncəsi o qədər mükəmməl, dərin olub ki, digər mədəniyyətlər və fəlsəfələr ondan çox faydalanıb.
Kitabın əsas məqsədi türk xalqlarının İslamaqədərki fəlsəfi düşüncə tarixini elmi obyektivlik prinsipləri və milli intellektual yaddaşa əsaslanan metodoloji yanaşma ilə ardıcıl şəkildə yenidən tədqiq etməkdir.
Nəşrin elmi redaktoru professor Rafail Əhmədli, professor İzzət Rüstəmov, dosent Lalə Mövsümova və dosent Zaur Rəşidovdur.