İsrailin Baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Katz ölkənin hərbi nəzarəti altında olan Qəzza zolağının Rəfah bölgəsində yenidənqurma işlərinin başlanmasını gizli şəkildə təsdiqləyiblər.

Bu barədə "The Times of Israel" xəbər verir.

Söhbət atəşkəs xəttinin yaxınlığındakı şərqi Rəfah bölgəsində müvəqqəti yaşayış infrastrukturunun tikintisindən gedir. Mətbuatın məlumatına görə, qərar təxminən iki həftə əvvəl verilib.

İsrailin Baş naziri ərazidə işlərin bir neçə ay əvvəl BƏƏ tərəfindən dəstəklənən müvəqqəti yaşayış layihəsinin bir hissəsi olaraq başladığını bildirir. Onun ofisi ərazinin terrorçu infrastrukturundan və tunellərindən təmizləndiyini, su, kanalizasiya və elektrik sistemlərinin tikintisinin İsrailin Müdafiə Qüvvələrinin (İMQ) nəzarəti altında aparılacağını vurğulayıb.

Netanyahu daha əvvəl Qəzzada yenidənqurma işlərinin yalnız HƏMAS-ın tərk-silah edilməsindən sonra başlayacağını bildirib. Eyni zamanda, İsrailin nəqliyyat naziri Miri Reqev bərpa işlərinin HƏMAS-ın nəzarətində olmayan zolağın istənilən hissəsində aparıla biləcəyini açıqlayıb.