Avqustun 19-da Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə yeni mənzillər təqdim edilib.

Vətən müharibəsinin itkin şəhidi, “Azərbaycan Bayrağı” ordenli İbrahim Vəlizadənin atası Səməd Vəliyev jurnalistlərə müsahibəsində şəhidlərin və qazilərin xatirəsinin daim uca tutulmasının vacibliyini vurğulayıb. Bildirib ki, şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına mənzillərin təqdim olunması dövlətin onlara göstərdiyi diqqət və qayğının növbəti nümunəsidir.

Səməd Vəliyev qeyd edib ki, şəhid ailələri, qazilər və müharibə veteranları daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən tədbirlər Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasətin uğurla davam etdirildiyini göstərir.

Şəhid atası bildirib ki, Azərbaycanın bu gün dünyada öz sözünü deyən güclü dövlət kimi tanınmasında şəhidlərin və qazilərin qəhrəmanlığının, eləcə də dövlətin məqsədyönlü siyasətinin mühüm rolu var. Belə tədbirlər isə şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının dövlət qayğısı ilə daim əhatə olunduğunu bir daha nümayiş etdirir.

Ehtiyatda olan mayor Elçin Allahverdiyev isə qeyd edib ki, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin mühüm göstəricilərindən biridir. O bildirib ki, Prezident İlham Əliyevin Naxçıvana son səfərindən sonra muxtar respublikada şəhid ailələri və qazilərin sosial təminatının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb, DOST Mərkəzi və digər sosial obyektlər istifadəyə verilib.

Mənzillə təmin olunmasının ailəsi üçün böyük sevinc olduğunu deyən Elçin Allahverdiyev yeni evin onların gələcəyə daha böyük ümidlə baxmasına imkan verdiyini vurğulayıb. O, göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.