ABŞ-də səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və komitənin əməkdaşları Vaşinqtonda Azərbaycan icmasının üzvləri ilə görüşüblər.

Görüşdə Vaşinqton və ətraf ərazilərlə yanaşı, ABŞ-nin müxtəlif ştatlarından gələn fəal diaspor nümayəndələri və gənclər iştirak ediblər. Tədbir Azərbaycan və ABŞ-nin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Həmçinin İkinci Qarabağ müharibəsi və xaricdə yaşayan azərbaycanlıların həmin dövrdəki fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Görüşdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan diasporunun institusional inkişafının, icmalar arasında koordinasiyanın gücləndirilməsinin və azərbaycançılıq ideyasının təşviqinin əsas prioritetlərdən olduğunu bildirib. O qeyd edib ki, son illərdə xaricdə Azərbaycan evlərinin, həftəsonu məktəblərinin və müxtəlif diaspor platformalarının sayı artıb, gənclərin diaspor fəaliyyətinə daha fəal cəlb olunması istiqamətində proqramlar həyata keçirilir.

Komitə sədri ABŞ-də Azərbaycan icmasının təşkilatlanması və ABŞ-Azərbaycan Alyansının formalaşmasını müsbət qiymətləndirərək icma üzvlərini bu platforma ətrafında daha fəal əməkdaşlığa çağırıb. Fuad Muradov bildirib ki, diaspor fəaliyyətində məlumatlandırma kampaniyaları ilə yanaşı, hazırda elmi konfransların, forumların, sərgilərin keçirilməsinə, nəşrlərin və müxtəlif peşəkar şəbəkələrin yaradılmasına daha çox diqqət ayrılır. O, xaricdə yaşayan azərbaycanlıların təşəbbüslərinin, xüsusilə gəncləri və müxtəlif peşə sahiblərini bir araya gətirən layihələrin bundan sonra da dəstəklənəcəyini vurğulayıb.

Tədbir çərçivəsində Fuad Muradov “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunmuş icma üzvləri Sevda Tahirli və Elmar Bayramova medalları təqdim edib.

Daha sonra ABŞ-nin müxtəlif şəhər və ştatlarından gələn diaspor nümayəndələrinin və gənclərin çıxışları dinlənilib. Gənclərin yeni layihə və təşəbbüsləri təqdim olunub, onların məqsədləri və icma üçün əhəmiyyəti barədə məlumat verilib. Eyni zamanda, gələcək fəaliyyət istiqamətləri və nəzərdə tutulan planlar ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Fuad Muradov diaspor nümayəndələrinin suallarını cavablandırıb, onların təklif və fikirlərini dinləyib. İcma üzvlərini maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.