"Bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Bu böyük, hətta deyərdim ki, yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da bu halda Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mətbuata birgə bəyanat zamanı deyib.
"Bu gün danışdığımız layihələrdən hər birinin öz dəyəri var və Şavkat Miromonoviç qeyd etdiyi kimi, onların hamısı birlikdə münasibətlərin bənzərsiz xarakterini yaradır. Biz, praktik olaraq, enerji, nəqliyyat, investisiya layihələri, turizm, dağ-mədən sahəsində əməkdaşlıq, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sektorlarından tutmuş bütün istiqamətləri əhatə etmişik. Hətta bu gün ikitərəfli formatda rəsmi tədbirlərin sonunda yeni layihələrin təməlini qoyarkən və ya yeni layihələrə başlayarkən belə, bu layihələrin sadalanması əməkdaşlığımızın nə qədər çoxşaxəli olduğunu nümayiş etdirmək üçün kifayətdir. Bəli, mən hələ bankçılıq sahəsindəki əməkdaşlığımızı, aparıcı Azərbaycan bankının Özbəkistan bazarına və SOCAR-ın Özbəkistanın pərakəndə satış bazarına daxil olmasını xatırlatmağı unutmuşam. Neft və qaz kəşfiyyatı ilə bağlı layihələrdə isə biz artıq prinsipcə son mərhələdəyik və gələn il istismar quyularının qazılmasına başlamağa çox ümid edirik. Ümidvaram ki, bundan sonra kəşfiyyat-qazma və kəşfiyyat işləri yaxşı nəticələr verəcək.
Yəni bu gün biz artıq perspektivdən danışırıq. Fakt budur ki, bu gün ikitərəfli münasibətlər çox möhkəm - həm mənəvi, həm də maddi təməl üzərində qurulub. Bu sintezə dünya siyasətində nadir hallarda rast gəlinir və o, mövcuddur. Hər iki ölkənin hökumətlərinin inkişaf, daha yaxşı həyat şəraiti yaratmaq, səyləri birləşdirmək üçün çalışması bizim uğur qazanacağımızın ən mühüm amilidir.
Əlbəttə, Prezident Şavkat Miromonoviç Mirziyoyevin Qarabağa investisiya cəlb edilməsində müstəsna rolunu bir daha qeyd etmək istərdim. İlk yardım - Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinə investisiyalar Özbəkistandan gəldi. İlk böyük sənaye müəssisəsi də Özbəkistanla bağlıdır. Həm Qarabağ bölgəsində, həm də bir çox digər bölgələrdə əlavə qarşılıqlı fəaliyyət planları mövcuddur. Həmçinin diqqətəlayiqdir ki, bu gün bir çox layihənin, - düşünürəm ki, on, bəlkə də daha çox, - açılışı və ya təməlinin qoyulması ilə bağlı tədbirlər zamanı regional layihələr də olub.
Layihələr təkcə Bakı və Daşkənddə deyil, baxmayaraq ki, əsas diqqət şübhəsiz ki, bu şəhərlərə yönəlib, həmçinin digər bölgələrdə də həyata keçirilir. Dünən keçirilən regionlararası əməkdaşlıq forumu böyük praktik maraq doğurur. Yəni indi bir çoxlarının sevdikləri təbirlə desək, səyləri birləşdirərək sinerji yaradırıq. İrəliləmək üçün çox dəqiq fəaliyyət planımız var və hər bir layihə konkret məzmunla zəngindir. Buraya artıq üçdəbiri layihələrlə təmin olunmuş investisiya fondunu, Azərbaycanın turizm infrastrukturuna və avtomobil sənayesinə investisiya layihələrini də əlavə etsək, bu artıq milyardlarla investisiya deməkdir". - deyə dövlət başçısı bildirib.