Ermənistanda məhkəmə ölkənin keçmiş prezidenti Robert Köçəryanın həbsinə qərar verib.
Bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Qeyd edək ki, avqustun 25-də hüquq-mühafizə orqanlarının əməkdaşları Robert Köçəryanın və onun oğlu Levon Köçəryanın evlərində axtarış aparıblar. R.Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb. Daha sonra R.Köçəryanın və onun böyük oğlu Sedrak Köçəryanın saxlanıldığı açıqlanıb. S.Köçəryan barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq çərçivəsində “Orange Fitness” klubunda, “Play City” əyləncə mərkəzində, eləcə də onların direktorlarının mənzillərində istintaq və prosessual hərəkətlər aparılıb. Robert Köçəryanın ailəsi bu şirkətlərdə səhmlərə malikdir.
Ermənistan Baş Prokurorluğu yaydığı bəyanatda Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvətxorluq, xüsusilə külli miqdarda çirkli pulların yuyulması ittihamları ilə açıq cinayət təqibinin başlandığı bildirilib. Digər keçmiş prezident Serj Sarkisyan da rüşvətxorluq, çirkli pulların yuyulması və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir. Onun ölkədən çıxışına qadağa qoyulub.