Prezident Kitabxanasının İncəsənət ədəbiyyatı zalında Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi gününə həsr olunmuş “Milli musiqi irsi və mənəvi dəyərlər missiyası Prezident Kitabxanasında” adlı tədbir keçirilib.
Kitabxanadan bildirilib ki, əvvəlcə mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova muğam sənətinin milli kimliyimizin və zəngin mədəni yaddaşımızın ali ifadəsi olduğunu vurğulayıb. O, Beynəlxalq Azərbaycan Muğamı Gününün əhəmiyyətindən danışaraq, bu irsin dünya səviyyəsində tanınmasında, UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsində və keçirilən muğam müsabiqələri vasitəsilə gənc istedadların yetişməsində Birinci vitse-prezident Mehriban Əliyevanın müstəsna xidmətlərini qeyd edib.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Şərəf Cəlilli, tibb elmləri doktoru, professor Sudeyif İmamverdiyev, Xalq rəssamı, akademik Ömər Eldarov, Xalq artisti Mələkxanım Əyyubova, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin baş müşaviri Pərvanə İsmayılova çıxış edərək, milli-mənəvi dəyərlərin qorunması və zənginləşdirilməsi barədə dəyərli fikir və mülahizələrini bölüşüblər.
Nizami rayon Mədəniyyət Mərkəzinin direktoru Laura Quliyeva Mərkəzin təşkilatçılığı ilə “Vətənə açılan kiçik ürəklər” layihəsi çərçivəsində təqdim olunan və böyük maraqla qarşılanan “Azərbaycan qadını” mahnısının ərsəyə gəlmə tarixi və yaradıcılıq prosesi barədə məlumat verib. Ardınca əsər müğənni Elnur Məmmədov və 3 nömrəli İnternat tipli xüsusi ümumtəhsil məktəbinin şagirdlərinin təqdimatında səsləndirilib.
Tədbirin bədii hissəsində Xalq artistləri Nəzakət Teymurova və Mələkxanım Əyyubova musiqi nömrələri ilə çıxış ediblər.
“Vətənə açılan kiçik ürəklər” layihəsinin iştirakçılarına təşəkkürnamələr təqdim edilib.
Fəxri qonaqlardan general-mayor Arif Həsənov və polkovnik Anar Mirzəyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən, qəhrəman zabit və əsgərlərimizin misilsiz şücaətindən söz açıblar. Natiqlər xüsusilə vurğulayıblar ki, avqustun 26-da böyük qürurla qeyd edilən Laçın Şəhəri Günü, eləcə də işğaldan azad edilmiş digər torpaqlarımızda ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması qəhrəman Ordumuzun qüdrətinin və xalqımızın sarsılmaz birliyinin bariz təntənəsidir.
Qeyd edək ki, Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü münasibətilə həmin mahnıya çəkilmiş videoçarx ilk dəfə məhz Prezident Kitabxanasında təqdim olunub.