Azərbaycan Respublikasının UNESCO yanında yeni daimi nümayəndəsi Fəxrəddin İsmayılov etimadnaməsini UNESCO-nun Baş direktoru Xalid Əl-Ənaniyə təqdim edib.
UNESCO-nun mənzil-qərargahında keçirilən görüş zamanı Azərbaycan ilə təşkilat arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər əlaqələrin müxtəlif istiqamətlərdə daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə Fəxrəddin İsmayılov Bakıda oktyabrın 27-dən 29-dək keçirilməsi planlaşdırılan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hazırlıq prosesi barədə məlumat verib. Səfir Forumun yüksək səviyyədə və uğurla keçirilməsi üçün Azərbaycan və UNESCO arasında sıx əməkdaşlığın və birgə səylərin əhəmiyyətini qeyd edib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüş Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində qarşılıqlı marağın davam etdiyini göstərir.