Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF), Çin İnvestisiya Korporasiyası (CIC), Tayland Hökumətinin Pensiya Fondu, Malayziyanın suveren sərvət fondu olan "Khazanah Nasional Berhad", Malayziyanın pensiya fondu olan "Kumpulan Wang Persaraan (Diperbadankan)" və İndoneziya İnvestisiya Qurumu (INA) tərəfindən Çin-ASEAN Birgə İnvestisiya Şurası (CAJIC və ya Şura) təsis edilib.
Dövlət Neft Fondundan bildirilib ki, şuranın yaradılması Çinin Syamen şəhərində keçirilən 26-cı Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi (CIFIT) çərçivəsində elan olunub.
CIC-nin təşəbbüsü ilə yaradılan və Katibliyinin fəaliyyətini "CGS International Securities Pte. Ltd." şirkətinin həyata keçirdiyi CAJIC suveren sərvət fondlarını və digər aparıcı institusional investorları Çin və Cənub-Şərqi Asiya üzrə uzunmüddətli əlaqələrin gücləndirilməsi, investisiya yanaşmalarının mübadiləsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə bir araya gətirir.
Şuranın fəaliyyəti üç əsas istiqaməti əhatə edəcək: Tərəfdaşlıq və əlaqələrin inkişafı – investisiya forumları, dəyirmi masalar və rəhbər səviyyəli proqramlar vasitəsilə institusional əlaqələrin gücləndirilməsi; Bilik və təcrübə mübadiləsi – tədqiqatların aparılması, bilik və təcrübənin paylaşılması; Kapital və investisiya əməkdaşlığı – qarşılıqlı maraq doğuran sahələr üzrə ayrıca idarəetmə mexanizmləri əsasında investisiya təşəbbüslərinin həyata keçirilməsi.
ARDNF üçün CAJIC-in təsis edilməsi fondun regionda formalaşdırdığı investisiya əlaqələrinin inkişafında növbəti mərhələdir. Çin bazarında on ildən artıq müddətdə formalaşmış investisiya təcrübəsinə əsaslanan ARDNF son illərdə aparıcı Çin institutları ilə əməkdaşlığını ardıcıl şəkildə genişləndirib. 2025-ci ilin aprelində ARDNF ilə CIC arasında imzalanmış Anlaşma Memorandumu daha dərin investisiya əməkdaşlığı, bilik və təcrübə mübadiləsi, eləcə də qarşılıqlı faydalı təşəbbüslərin inkişafı üçün strateji çərçivə yaradıb.
Bu əməkdaşlıq 2026-cı ilin aprelində ARDNF, CIC və INA tərəfindən “Galaxy Orientis” Çin-ASEAN İnvestisiya Proqramının (CAIP) yaradılması ilə yeni mərhələyə keçib. Suveren investorların rəhbərlik etdiyi özəl kapital platforması ilkin mərhələdə təxminən 520 milyon dollar həcmində vəsait cəlb edib, proqramın hədəf ölçüsü isə 1 milyard dollardır. CAIP Çin və Cənub-Şərqi Asiya arasında dərinləşən iqtisadi və sənaye əlaqələrinin yaratdığı uzunmüddətli investisiya imkanlarına fokuslanır və sənaye, səhiyyə, istehlak, biznes xidmətləri və texnologiya daxil olmaqla bir sıra sahələri əhatə edir.
CAIP və CAJIC ayrı, lakin bir-birini tamamlayan təşəbbüslərdir. CAJIC institusional əlaqələrin inkişafı, bilik və təcrübə mübadiləsi, eləcə də potensial əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün daha geniş platforma rolunu oynayır. CAIP isə iştirakçı suveren institutlara birgə idarəetmə mexanizmi çərçivəsində konkret investisiya imkanlarına kapital yönəltməyə şərait yaradır. CAJIC, eyni zamanda, ARDNF-nin daha geniş suveren və uzunmüddətli investorlar şəbəkəsi ilə əlaqələrinin genişlənməsinə, regional bazarlar və investisiya mühiti üzrə biliklərin dərinləşdirilməsinə, eləcə də yeni institusional tərəfdaşlıqların formalaşdırılması imkanlarının araşdırılmasına töhfə verir. CAIP CAJIC-dən ayrıca idarəetmə mexanizmi əsasında fəaliyyət göstərir.
Bu təşəbbüslər Azərbaycan üçün daha geniş strateji əhəmiyyət də daşıyır. Orta Dəhlizin Asiya və Avropa arasında əlaqələrin gücləndirilməsində rolunun artması Azərbaycanın iki region arasında strateji mövqeyini daha da önəmli edir. Bununla yanaşı, ARDNF-nin Asiyanın aparıcı suveren və uzunmüddətli investorları ilə əməkdaşlığının genişlənməsi regionla maliyyə və institusional əlaqələrin dərinləşməsinə töhfə verir. CAIP və CAJIC bu əlaqələrin möhkəmləndirilməsi və uzunmüddətli investisiya əməkdaşlığının inkişafı üçün əlavə imkanlar yaradır.
CAJIC-in təsisçi üzvü kimi ARDNF qlobal institusional investor kimi öz təcrübəsi ilə Şuranın fəaliyyətinə töhfə verməklə yanaşı, regionun aparıcı suveren investisiya institutları ilə əlaqələrin genişləndirilməsini davam etdirəcək. Uzunmüddətli investor üçün etibarlı tərəfdaşlar, yerli bazarlar üzrə bilik və güclü institutlarla birgə investisiya imkanları kapitala çıxış qədər əhəmiyyətli ola bilər. Bu baxımdan, Şurada iştirak fondun portfelinin uzunmüddətli şaxələndirilməsi və strateji tərəfdaşlıqların qurulması yanaşmasını tamamlayır, yüksəkkeyfiyyətli investisiya imkanlarına çıxışın genişləndirilməsinə xidmət edir.