Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Asiya dövlətləri və Azərbaycan Respublikası xüsusi xidmət orqanları rəhbərlərinin Qazaxıstan Respublikasında “Müasir təhdidlər şəraitində regional təhlükəsizliyin təmin olunması” mövzusunda keçirilən görüşündə iştirak edib.

 

Bu barədə DTX-nin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə çıxış edən general-polkovnik Əli Nağıyev Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakının ölkələrimiz arasında münasibətlərin strateji xarakterini aydın şəkildə əks etdirdiyini vurğulayaraq Azərbaycanın bu formatın tamhüquqlu iştirakçısına çevrilməsinin regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən tarixi addım olduğunu, ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirib.

DTX rəisi regional təhlükəsizliyə təhdidlər sırasında beynəlxalq terrorçuluq və dini ekstremizm, transmilli cinayətkar qruplaşmaların fəaliyyəti, narkotik vasitələrin və silahların qanunsuz dövriyyəsi ilə yanaşı, kibercinayətkarlığın müasir formalarının, habelə kritik infrastruktura yönəlmiş digər təhlükələrin də yer aldığını, cinayətkar və terrorçu qruplaşmaların nəqliyyat, kommunikasiya və digər həyati əhəmiyyətli obyektlərin fəaliyyətinə təsir göstərmək məqsədilə müasir informasiya texnologiyalarından istifadə imkanlarının xüsusi narahatlıq doğuran amil olduğunu qeyd edib.

General-polkovnik Əli Nağıyev dövlətlərimiz arasında münasibətləri səciyyələndirən qardaşlıq, qarşılıqlı hörmət və etimad mühitinin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Görüşün sonunda regional təhlükəsizliyin və sabitliyin daha da möhkəmləndirilməsi məqsədilə xüsusi xidmət orqanları arasında sıx əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.