Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Koreya Respublikasının Gangvon əyalətinin İnje şəhərində təşkil olunan "4-cü Koreya Beynəlxalq Döyüş Təlimi Müsabiqəsi"ndə iştirak edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, 11 ölkədən hərbi qulluqçuların iştirak etdiyi beynəlxalq müsabiqədə şəhər və dağ döyüşü, kəşfiyyat, pusqu, əks-pusqu və meşə əməliyyatları, müdafiə tapşırıqları, patrul fəaliyyəti, eləcə də yaralıların təxliyəsi üzrə tapşırıqlar yerinə yetirilib.
Tədbirin keçirilməsində əsas məqsəd iştirakçı ölkələrin orduları arasında döyüş hazırlığı sahəsində təcrübə mübadiləsinin aparılması və peşəkar əlaqələrin inkişaf etdirilməsidir. Hərbi qulluqçularımızın beynəlxalq müsabiqələrdə iştirakı şəxsi heyətin yüksək döyüş hazırlığının, peşəkarlığının və müxtəlif döyüş şəraitlərində fəaliyyət imkanlarının nümayiş etdirilməsi, həmçinin bilik və bacarıqların paylaşılması baxımından əhəmiyyətlidir.