Rumıniyanın Baia Mare şəhəri ilə Xankəndi şəhəri arasında qardaşlaşma şəhərlər sazişinin imzalanması ilə bağlı bu ölkədə rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Rumıniya Prezidentinin administrasiya, idarəetmə siyasəti və vətəndaş cəmiyyəti üzrə müşaviri Boqdan-Florin Kristea ilə görüşüb.

 

Görüş zamanı Rumıniya-Azərbaycan münasibətləri, Azərbaycanın, xüsusilə Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulması müzakirə olunub.

Elçin Yusubov işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən bərpa- quruculuq işləri, “Böyük Qayıdış” prosesi, həmçinin xarici investorlar üçün yaradılan əlverişli şərait barədə məlumat verib.

Boqdan-Florin Kristea Rumıniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı, regionlar və şəhərlər arasında əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində dəstək göstərməyə hazır olduğunu bildirib.

Səfər çərçivəsində E.Yusubov Alba-Yuliya şəhərinin meri Qabriel-Kodru Pleşa ilə də görüşüb. Görüşdə iqtisadi əməkdaşlıq imkanları, işgüzar əlaqələrin qurulmasına dəstək, qarşılıqlı faydalı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və qarşılıqlı səfərlərin həyata keçirilməsi məsələləri müzakirə olunub. Həmçinin turizm sahəsində əməkdaşlıq imkanlarına, mədəni və tarixi abidələrin təbliğinə xüsusi diqqət yetirilib.

Qeyd edək ki, Alba-Yuliya Rumıniyanın mərkəzində, Transilvaniya bölgəsində yerləşən zəngin və qədim tarixə malik şəhərdir.