Bu gün Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür.

 

Bu günün qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 18-də Sərəncam imzalayıb.

Vətən müharibəsindəki Zəfərin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edilib.

Azərbaycanın Müdafiə Nazirliyinin məlumatına görə, cəmi bir sutkaya yaxın müddət ərzində - 23 saat 43 dəqiqədə 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək Ordumuzun tam nəzarəti altına keçib. Əməliyyat zamanı düşmən tərəfdən 310 nəfər ölüb, 614 nəfər yaralanıb. Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tankı, 22 artilleriya qurğusu, 14 minaatanı, 3 zenit kompleksi, 8 radioelektron mübarizə vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla çoxsaylı silah və texnikası məhv edilib. Bundan başqa, 1731 müxtəlif döyüş texnikası, eləcə də 18 min 664 atıcı silah ələ keçirilib.

Beləliklə, Azərbaycan ərazisində qurulmuş separatçı rejimin fəaliyyətinə son qoyulub. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələri tərk-silah edilərək ərazilərimizdən çıxarılıb, respublikamızın suverenliyi tam təmin edilib, bütün ölkə ərazisində Konstitusiya quruluşu bərpa olunub.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Prezident İlham Əliyev 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq 2024-cü il sentyabrın 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, sentyabrın 20-si ölkəmizdə Dövlət Suverenliyi Günüdür.