Sentyabrın 21-də Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə tarix elmləri doktoru Həsən Həsənovun təqdimatında “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar keçirilib.

 

Tədbirdə Qafqaz Albaniyasının tarixi, ərazisi, maddi-mədəni irsi, qədim mənbələrdə Albaniya ilə bağlı məlumatlar, eləcə də bu irsin müasir tarixşünaslıqda araşdırılması məsələləri diqqətə çatdırılıb.

Seminarda çıxış edən Həsən Həsənov Qafqaz Albaniyasının tarixi ilə bağlı məsələlərin qədim mənbələr əsasında öyrənilməsinin vacibliyini vurğulayıb. O, Albaniyanın tarixi coğrafiyası, ayrı-ayrı toponimlər, dini inanclar və bölgədəki tarixi abidələrlə bağlı fikirlərini bölüşüb.

Tarixçi-alim Qafqaz Albaniyasının irsinin yalnız dini abidələrlə məhdudlaşdırılmamasının, onun müxtəlif tarixi və mədəni qatlarının kompleks şəkildə araşdırılmasının zəruriliyini qeyd edib.

Seminarın sonunda media nümayəndələrinin sualları cavablandırılıb, Qafqaz Albaniyasının tarixi irsinin öyrənilməsi və təbliği ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.