Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev Qarabağ və Şərqi Zəngəzurda aparılan arxeoloji tədqiqatların əhəmiyyətindən danışıb.
Fərhad Quliyev Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra AMEA-nın institutları tərəfindən həmin ərazilərdə tarixi və arxeoloji abidələrin öyrənilməsi istiqamətində tədqiqatların bərpa edildiyini bildirib. O qeyd edib ki, tədqiqatların əsas məqsədlərindən biri Azərbaycanın tarixi və arxeoloji abidələrinin öyrənilməsi, eləcə də işğal dövründə həmin abidələrə qarşı həyata keçirilmiş siyasətin miqyasının qiymətləndirilməsi olub.
İnstitut direktorunun sözlərinə görə, ilkin araşdırmalar zamanı işğaldan azad edilmiş ərazilərdə tarixi abidələrin vəziyyətinin acınacaqlı olduğu müşahidə edilib. Hazırda isə Qarabağda genişmiqyaslı quruculuq işləri həyata keçirilir, kəndlər bərpa olunur, yeni infrastruktur yaradılır. F.Quliyev bildirib ki, Arxeologiya və Antropologiya İnstitutu tərəfindən aparılan tədqiqatlar zamanı işğal dövründə Azərbaycan abidələrinə qarşı törədilən əməllər müəyyən istiqamətlər üzrə təsnifatlandırılıb.
F.Quliyev vurğulayıb ki, Qarabağda aparılan arxeoloji tədqiqatlar bölgənin qədim tarixinin öyrənilməsi, maddi-mədəni irsin sənədləşdirilməsi və abidələrin tədqiqi baxımından mühüm əhəmiyyət daşıyır.