Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində gənc ifaçıların konsertləri davam edir. Festivalın növbəti tədbiri Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirilib və görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunub.

 

Layihə çərçivəsində “Mezzo” qadın kamera orkestrinin müşayiəti ilə gənc vokalçılar, eləcə də “Mezzo” uşaq xorunun üzvləri olan ən gənc ifaçılar çıxış ediblər. Festivalın müəllifi və təşkilatçısı, Azərbaycanın Xalq artisti Fidan Hacıyeva da səhnəyə çıxıb.

Proqramda Üzeyir Hacıbəylinin əsərləri ilə yanaşı, Azərbaycanın və xarici ölkələrin digər bəstəkarlarının musiqisi də səsləndirilib.

F.Hacıyeva bildirib ki, bu günə qədər festivalda iştirak etmək istəyən gənc ifaçılardan müraciətlər daxil olmaqda davam edir.

“Belə istedadlarımızın olmasına çox sevinirəm. Onları mütləq dəstəkləmək lazımdır. Festivalımızın məqsədi də məhz budur – gənc ifaçıların təbliği. Çıxış etmək istəyən çox sayda gənc var və biz dinləmələrimizi davam etdiririk. Yaxın vaxtlarda Gəncə və Şəmkirdə konsert proqramlarımızla çıxış edəcəyik. Klassik musiqini bölgələrdə təqdim etmək mühüm missiyadır”, – deyə o vurğulayıb.

Xatırladaq ki, Xalq artisti, maestro Yalçın Adıgözəlovun rəhbərliyi, Xalq artisti Fidan Hacıyevanın iştirakı və Niyazi adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə keçirilən Opera Festivalı sentyabrın 7-də başlayıb və dekabrın 7-dək davam edəcək. Festival ölkənin müxtəlif regionlarını əhatə edir. Tədbir çərçivəsində təqdim olunacaq konsert proqramları Azərbaycanın hüdudlarından kənarda da nümayiş etdiriləcək.