Sentyabrın 23-də Azərbaycan Bəstəkarlar İttifaqında XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Səadət Təhmirazqızının “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabının təqdimatı keçirilib.

 

Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə festival çərçivəsində bu cür silsilə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, musiqişünasların dahi bəstəkarların irsini araşdırması, təhlil etməsi və geniş ictimaiyyətə çatdırması mühüm əhəmiyyət daşıyır. Firəngiz Əlizadə Səadət Təhmirazqızının kitabının maraqlı tərtibatı ilə seçildiyini, nəşrin musiqişünaslar və tədqiqatçılar üçün faydalı mənbə olduğunu qeyd edib.

Tədbir çərçivəsində Üzeyir Hacıbəylinin “Nizaminin heykəli” kantatasının videoformatda ifası təqdim olunub.

Sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova bildirib ki, təqdim olunan kitab Üzeyir Hacıbəylinin ruhuna böyük ehtiramın ifadəsidir. Onun sözlərinə görə, nəşrdə Üzeyir Hacıbəyli ilə Nizami Gəncəvinin yaradıcılığı arasında özünəməxsus həmahənglik izlənilir.

“Poeziya və musiqidə onların bizə qoyub getdikləri zəngin irs əvəzsizdir. Bu irsin məhz belə bir yanaşma ilə təhlil və təqdim olunması olduqca vacibdir. Kitabın əhəmiyyətli cəhətlərindən biri də burada bir sıra yeniliklərin yer almasıdır. Nəşrdə yalnız Nizami Gəncəvi ilə Üzeyir Hacıbəyli arasındakı yaradıcılıq bağlılığı araşdırılmır, eyni zamanda, müxtəlif məqamlar bir araya gətirilərək böyük ehtiram və sevgi ilə təqdim olunur”, – deyə o əlavə edib.

Filologiya elmləri doktoru, professor Lütviyyə Əsgərzadə isə bildirib ki, Nizami Gəncəvinin zəngin irsi gələcəkdə də müxtəlif sahələr üzrə sənətşünas və tədqiqatçılar üçün mühüm araşdırma mənbəyi olaraq qalacaq.

L.Əsgərzadə vurğulayıb ki, müəllif Nizaminin humanist düşüncəsini, insanın mənəvi inkişafına baxışını, eləcə də musiqinin bu düşüncə sistemindəki rolunu ardıcıl şəkildə izləyərək oxucuya təqdim edib. Onun sözlərinə görə, elmi-publisistik və bədii üslubun vəhdətində qələmə alınan nəşr axıcı dili ilə seçilir. Eyni zamanda, arxivlərdə aparılan araşdırmaların nəticələri, məktublar və digər sənədlər elmi yanaşma əsasında təqdim edilir.

Kitabın müəllifi Səadət Təhmirazqızı kitab üzərində işləyərkən müxtəlif mövzular ətrafında düşündüyünü, nəşrin ərsəyə gəlməsində Nizami və Üzeyir ruhundan ilham aldığını söyləyib.

Onun sözlərinə görə, kitabın son bölmələrindən biri Azərbaycan bəstəkarlıq məktəbində Üzeyir Hacıbəylidən başlanan “Nizami yolu”na həsr olunub. Bu bölmədə Azərbaycan bəstəkarlarının Nizami irsinə münasibətinin onların yaradıcılığında necə əks olunduğu araşdırılır. Xüsusilə dünyaşöhrətli bəstəkar Firəngiz Əlizadənin “Nizami fəzası” əsərinə diqqət yetirilir.

Tədbir bədii proqramla davam edib. Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin tələbələrinin ifasında Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin sözlərinə bəstələdiyi “Sənsiz” qəzəl-romansı, həmçinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası və “Gülçöhrənin naləsi” səsləndirilib.

Bədii proqramda, həmçinin Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin sözlərinə bəstələdiyi “Sevgili canan” romansı, “Arşın mal alan” operettasından Asyanın mahnısı, eləcə də Əsgər və Gülçöhrənin dueti Xalq artisti Fidan Hacıyevanın ifasında təqdim olunub.