Azərbaycan Milli Kitabxanasında 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Kitabxanadan bildirilib ki, tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Anım Gününün xalqımızın yaddaşında xüsusi yer tutduğunu bildirərək şəhidlərin həyat və döyüş yolundan, onların Vətən qarşısındakı xidmətlərindən söz açıb.
Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova və İnformasiya axtarış sistemləri ilə iş şöbəsinin müdiri Səyyarə Məmmədli Vətən müharibəsinin xalqımızın çoxəsrlik dövlətçilik və mübarizə tarixində xüsusi mərhələ təşkil etdiyini, 44 günlük müharibə zamanı Azərbaycan Ordusunun nümayiş etdirdiyi yüksək döyüş əzmi, qəhrəmanlıq və fədakarlıq sayəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu vurğulayıblar.
Tədbir çərçivəsində Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “27 Sentyabr – Anım Günü” adlı elektron məlumat bazası təqdim olunub. Məlumat bazasında rəsmi sənədlər – Anım Gününün təsis edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, işğaldan azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısı, II Qarabağ müharibəsi şəhidlərinin siyahısı, 44 günlük Vətən müharibəsi və tarixi Qələbəmiz, bu Qələbənin əldə olunmasında şəhid olmuş hərbçilər haqqında nəşrlər, Vətən müharibəsi iştirakçılarına orden və medalların verilməsinə dair sərəncamlar, erməni terroru ilə əlaqədar fotolar və videolar nümayiş etdirilib.
Sonda iştirakçılar Milli Kitabxananın fondunda qorunan Vətən müharibəsi, şəhidlər və Qarabağ mövzusunda nəşrlərdən ibarət geniş kitab sərgisi ilə tanış olublar. Sərgidə Azərbaycanın ərazi bütövlüyünün bərpasına, Vətən müharibəsinə, şəhidlərimizin həyat və döyüş yoluna həsr olunmuş kitablar, albomlar və digər nəşrlər yer alıb.