Azərbaycanın Fransadakı Səfirliyinin Mədəniyyət Mərkəzində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında Daimi Nümayəndəliyinin diplomatları, eləcə də bu ölkədə yaşayan diasporun fəal üzvləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, UNESCO yanında daimi nümayəndə Fəxrəddin İsmayılov və Azərbaycan Silahlı Qüvvələrinin hərbi attaşesi, polkovnik Cavid Abdullayev çıxış ediblər.

Çıxışlarda bildirilib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın müasir tarixində mühüm mərhələyə çevrilib. Qeyd olunub ki, bu tarix milli iradənin, xalq birliyinin, qəhrəmanlığın və dövlətçilik əzminin nümayişi kimi yadda qalıb.

Vurğulanıb ki, Azərbaycan uzun illər ərzində öz mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün geniş diplomatik fəaliyyət həyata keçirib, ölkənin üzləşdiyi problemlər və doğma torpaqlarından didərgin düşmüş insanların taleyi beynəlxalq platformalarda gündəmə gətirilib.

Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsi zamanı yüksək peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirib. Qələbənin mühüm amillərindən birinin xalqın birlik və həmrəyliyi olduğu diqqətə çatdırılıb.

Çıxışlarda şəhidlərin Vətən qarşısında göstərdikləri fədakarlığın heç vaxt unudulmayacağı, onların xatirəsinin xalqın yaddaşında və Azərbaycanın tarixində əbədi yaşayacağı vurğulanıb.

Həmçinin 2023-cü ildə həyata keçirilən antiterror tədbirlərinin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması istiqamətində mühüm mərhələ olduğu qeyd edilib.

Bildirilib ki, əldə olunan nəticələrin arxasında uzun illər davam edən diplomatik fəaliyyət, dövlət strategiyası, Ordunun gücləndirilməsi və xalqın həmrəyliyi dayanır. Bu tarixin gələcək nəsillərə düzgün çatdırılmasının xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.